Sahil Babayev Türkiyə səfiri ilə görüşdü - Foto
    • 15-04-2021, 16:39
    • 452

Sahil Babayev Türkiyə səfiri ilə görüşdü - Foto

“Türkiyə ilə ötən dövrdə sosial sahədə formalaşmış qarşılıqlı çoxistiqamətli əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da genişlənəcək”.

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirdiyi görüşdə bildirib.

S.Babayev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın əsasında dostluq, qardaşlıq amilinin dayandığını qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səylərinin mühüm rolunu diqqətə çatdırıb. Bütün sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, bir sıra əməkdaşlıq sənədlərinin imzalandığını qeyd edib.

O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə əlaqələri vurğulayıb.

Görüşdə iki ölkənin sosial sahədə gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.