Mingəçevirdə müştərilərə qəlyan təklif edən obyekt icarədarları cərimələndi - FOTO
    • 22-04-2021, 09:47
    • 441

Mingəçevirdə müştərilərə qəlyan təklif edən obyekt icarədarları cərimələndi - FOTO

Mingəçevir şəhərində karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən, eləcə də müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Travel” və “Çempion” çay evlərinin sanitar-epidemioloji normaları pozaraq, gecə saat 12-dən sonra işlədiyi məlum olub.

Həmin obyektlərin icarədarları - Nizami Mustafayev və Razi Əliyev, eləcə də 7 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə çay evlərini işlədənlər barəsində müvafiq qərar qəbul olunub.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə “3D” çay evində müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yaradıldığı məlum olub. Həmin obyektə baxış keçirilib və icarədar Nurlan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.