“Bayden əlində olan “soyqırımı” silahını atdı və bitdi” – ŞƏRH
    • 25-04-2021, 10:05
    • 953

“Bayden əlində olan “soyqırımı” silahını atdı və bitdi” – ŞƏRH

“ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır”. 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, əslində, 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər: “Bundan əlavə, onlar 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Nəhayət 1992-ci ildə bütün dünyanın gözü önündə qanlı Xocalı faciəsini həyata keçiriblər. Əgər Co Bayden “soyqırımı” ifadəsini işlətmək istəyirsə, birinci ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gələk:

1. Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. 
2. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən qərarı var (Doğu Perincək məsələsində ).
3. Baydenin bu addımı birdəfəlik olan silah idi. Sadəcə ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur”.


H.Babaoğlu vurğulayıb ki, 1915-ci il hadisələri beynəlxalq hüquqda təhrif edilən soyqırımı kriteriyalarına əsla uyğun deyil: “Həmçinin, Bayden “soyqırımı” silahını ermənilərin də əlindən aldı. Ən təhlükəli fikir isə Baydenin “Biz bunu (genosidi qəbul etməyi ) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir. Bu fikrin sətiraltı məzmunu Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərin tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir. ABŞ prezidentinin soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır”.

Siyasət şöbəsi