Baydenin “soyqırımı”nı tanıması ABŞ-Türkiyə qırılması yaradacaq? - TƏHLİL
    • 25-04-2021, 10:44
    • 522

Baydenin “soyqırımı”nı tanıması ABŞ-Türkiyə qırılması yaradacaq? - TƏHLİL

“Baydenin yanlış addımı ABŞ və Türkiyə arasında strateji qırılma yaratmayacaq. Dünən telefon söhbətində Baydenin Ərdoğana “soyqırımı” kəlməsini işlədəcəyini söylədikdən sonra onların iyundakı NATO zirvəsində ikitərəfli görüş barədə razılığa gəlməsi də bunu göstərir”.

Bu sözləri News24.az-a açıqlamasında Politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti, əlavə bir çalar olacaq: “Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlaması dövlət ciddiyyətinə uyğun səviyyəli bir mətndir. Prezident Ərdoğanın erməni patriarxına məktubu da o cümlədən. Aydındır ki, Ərdoğanın da, digər dövlət adamlarının da şifahi bəyanatları yazılı mətnlərdən daha kəskin olacaq. Çünki ilk növbədə daxili ictimaiyyətə yönəlir. Ola bilər ki, Vaşinqtondakı səfir də məsləhətləşmələr üçün geri çağırılsın. Amma bu hadisə Türkiyənin öz strateji kursuna yenidən baxıb, ABŞ-la əlaqələrini kəsməsinə, NATO-dan uzaqlaşaraq, tutaq ki, Rusiya və ya Çinlə müttəfiqlik qurmasına səbəb olmayacaq. Bunu Vaşinqtonda da bilirlər. Türkiyənin indiki rəhbərliyi Rusiya ilə ikitərəfli əlaqələri ölkənin maraqları naminə inkişaf etdirməkdən əlavə, son illər Moskva ilə yaxınlaşmadan həm də Vaşinqtona qarşı bir təzyiq amili kimi istifadə edirdi. Yəni əlində bir alternativin olduğunu göstərməyə çalışırdı. Bu siyasət Bayden gələnə qədər effekt verdi, amma artıq potensialı tükənib. Qoca Bayden kobudluqla nümayiş etdirdi ki, bu oyuna gəlmirəm”.

Politoloq vurğulayıb ki, Türkiyə “erməni soyqırımı”nın dünyada tanınmasının qarşısının alınmasına əvvəlki dövrdə olduğu qədər güc və enerji sərf etmir: “Məsələn, 2016-cı ildə Almaniya “soyqırımı”nı tanıdı, bu qərar çox qısa müddət münasibətlərdə problem yaratdı, Türkiyə hökuməti alman ordusunun İncirlikdən istifadəsinə müvəqqəti qadağa qoydu. Az müddət sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı, siyasi, xüsusən də iqtisadi-ticarət əlaqələri yüksək səviyyədə davam edir. Yaxud Rusiyanın “soyqırımı”nı tanıması və həmin qərarda Türkiyə ərazilərinin Qərbi Ermənistan adandırılması, Putinin 100 illikdə İrəvandakı abidəyə əklil qoyması, Rusiyanın PKK-nı terror təşkilatı kimi tanımaması və PYD-YPG-yə Moskvada ofis verməsi Türkiyənin bu ölkə ilə münasibətlərinə nəinki mənfi təsir edib, əksinə, əlaqələrdə ciddi inkişaf baş verib.

Türkiyə çox praqmatik siyasət aparır. Baydenin bu dəfə “soyqırımı”nı tanıyacağı da əvvəldən bəlli idi, Ankara bunun qarşısını almaq üçün ciddi cəhdlər etdimi? Xeyr. Ola bilər səhv düşünürəm, subyektiv qənaətim ondan ibarətdir ki, bu dəqiqə məsələn, “Halkbank” olayı Ankaranı daha çox narahat edir, nəinki “soyqırımı”.
Belə bir sual yarana bilər ki, Türkiyənin “soyqırımı” məsələsinə əvvəlki qədər həyati önəm verməməsi doğru siyasətdir, yoxsa yanlış? Məncə, həm doğru, həm də yanlış. Ona görə doğrudur ki, Türkiyənin bu məsələyə həddən artıq əhəmiyyət verməsi qarşı tərəfi – erməni lobbilərini daha da motivə edir, onlar apardıqları siyasətin dövlətləri qarşı-qarşıya gətirəcək qədər böyük miqyaslı iş olduğunu görüb, daha da həvəslənirlər.
Digər yandan, hər il “Amerika prezidenti görəsən, “soyqırımı” deyəcək, ya yox?” stresini və qorxusunu yaşamaqdansa, bu məsələyə birdəfəlik nöqtə qoyulması daha yaxşıdır. Amma bəzi riskli ehtimallar da var.
Aydındır ki, ABŞ erməniləri bununla kifayətlənməyəcək. ABŞ məhkəmələrində dövlətin “soyqırımı”nı qəbul etdiyini əsas götürüb, Türkiyəyə qarşı təzminat, mülkiyyət davaları açıla bilər. Buna nə dərəcədə hüquqi əsas var və bu cür məhkəmə iddialarının perspektivi nə ola bilər, onu bilmirəm. Amma Türkiyənin qocaman diplomatı, vaxtilə ABŞ-da erməni lobbiləri ilə uğurla savaşmış Şükrü Ələkdağ belə bir riskdən danışır.

Diplomat demişkən, icazə verin, Türkiyə hökumətini də bir balaca tənqid edim.
Bu iqtidar dönəmində, xüsusən prezident üsul-idarəsi tətbiq olunduqdan sonra Türkiyə diplomatiyası, XİN sistemi bir qədər kənara itələndi, bütün işlər, o cümlədən xarici siyasət tamamilə bir mərkəzdən - prezident sarayından idarə olunmağa başladı. Türkiyənin Amerikanı da, dünyanı da əla tanıyan, yaxşı yetişmiş çoxlu sayda peşəkar diplomatı var. Amma prezident Ərdoğan türk diplomatlarına, ümumilikdə diplomat peşəsinə və onların iş üsullarına çox da etimad etməyən (diplomatları monşerlər adlandırmışdı), hər şeyi öz əlində cəmləşdirməyi və qərarları təkbaşına, yaxud çox dar çərçivədə verməyi sevən lider tipidir. Xarici siyasətdə buraxılan səhvlərdən biri də İsrail dövləti və yəhudi icmaları ilə əlaqələrin korlanması oldu. Halbuki, ABŞ-dakı İsrail lobbisi Konqresdə erməni və yunan lobbilərinin Türkiyə əleyhinə təşəbbüslərini dəfələrlə əngəlləmişdi. Nəticədə 2019-cu ildə Konqres ilk dəfə olaraq “erməni soyqırımı”nı tanıdı.

Yeri gəlmişkən, sosial şəbəkənin Azərbaycan seqment ində “Tramp gözəlləmələri” görürəm, amma unudurlar ki, “soyqırımı” tanınanda Senatda respublikaçılar çoxluqda idi və Tramp çoxluq lideri Makkonnelə telefon açıb, xahiş etsə, o, asanlıqla bu qərarı bloklaya bilərdi, çünki qanun, qərar və qətnamələri məhz çoxluq lideri səsverməyə çıxarır. Amma qərar Senatdan yekdilliklə keçdi”.

Siyasət şöbəsi