Prezident birinci xanımla Cəbrayıl və Zəngilanda - FOTO -  VİDEO - YENİLƏNDİ
    • 27-04-2021, 14:26
    • 674

Prezident birinci xanımla Cəbrayıl və Zəngilanda - FOTO - VİDEO - YENİLƏNDİ

Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

News24.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəldilər.

Prezident İlham Əliyev: Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.

X X X

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdilər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Elçin Quliyev dedi: Xoş gəldiniz cənab Prezident!

Prezident İlham Əliyev: Salam.

Elçin Quliyev: Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə.

Məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad edilmiş ərazilərdə tikinti-təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdı, möhtərəm cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadratmetr ərazidə hərbi hissəsi yaradılmışdır, hazırkı vəziyyət gördüyünüz kimidir.

X X X

Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verən Elçin Quliyev dedi: Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılmışdır. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu, dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşmişlər.

Dövlətimizin başçısına məlumatına verildi ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu.

Sonra Prezident İlham Əliyev yeni hərbi maşınlarla tanış oldu və onlardan birini idarə etdi.

Elçin Quliyev: Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır və Sizin göstərişiniz üzrə bizim çevik heyətimizə təqdim olunmuşdur. Möhtərəm cənab Prezident, Sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlamışdır.

Dövlətimizin başçısı hərbi hissənin idman zalında oldu.

Prezident İlham Əliyev: Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək.

İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur.

X X X

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdü və çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
- Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür.

Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.

Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.

Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir. Bu ərazidə şiddətli döyüşlər gedirdi, hər bir kənd uğrunda şiddətli döyüşlər gedirdi, biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. İtkilərə baxmayaraq, biz hər gün irəli gedirdik. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq.

Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib. Bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır.

Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.

Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

X X X

Dövlətimizin başçısı sərhədçilərlə birgə foto çəkdirdi.

X X X

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Ağalı kəndinə gəldilər.

Kənd təsərrüfatı naziri İnam Kərimov: Cənab Prezident, Sizə fevral ayında məlumat təqdim ediləndən sonra artıq intensiv işlərə başlanılıb, mobilizasiya edilib. İlkin söküntü işləri aparılıb.

Prezident İlham Əliyev: Burada nə olub?

İnam Kərimov: Evlər olub burada. Otuza yaxın ev olub. Kəndarası yollar artıq çəkilməkdədir. Kəndin içində də bu işlər aparılır. Hazırda 110-a yaxın işçi çalışır. İşlərin intensiv getdiyi vaxtda təqribən 600-700-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev: Kəndin bir hissəsi yolun o tərəfindədir?

İnam Kərimov: Bəli, bir hissəsi üst hissədə olub.

Prezident İlham Əliyev: Əsas hissə bura olub?

İnam Kərimov: Bəli, əsas hissə bura olub. Bura birinci Ağalıdır.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Dövlətimizin başçısı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət etdi.

Prezident İlham Əliyev: Salam aleyküm.

Türkiyə şirkətinin əməkdaşı: Əleyküm salam, cənab Prezident.

Kənd təsərrüfatı naziri İnam Kərimov: Onay bəy buyurun.

Prezident İlham Əliyev: Buyurun, söyləyin nədir bu qurğu?

Türkiyə şirkətinin əməkdaşı: “Bir millət, iki dövlət” can Azərbaycana Türkiyədən salamlar, cənab Prezident.

Türkiyə şirkətinin əməkdaşı: Həqiqi sahibinə yenidən qovuşmuş bu torpaqlar uğrunda canını qurban vermiş bütün şəhidlərin xatirəsini uca tutduğunuz üçün Sizə təşəkkürlərimi bildirirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Türkiyə şirkətinin əməkdaşı: Cənab Prezident, yaradılacaq bu “Ağıllı kənd”də apardığımız çoxistiqamətli təhlillər nəticəsində müəyyənləşdirdik ki, bu, dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed” sistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır. Cənab Prezident, əlbəttə, Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən bir “Ağıllı kənd” layihəsi yaratmağı planlaşdırırıq. Minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki “Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz.

Türkiyə şirkətinin əməkdaşı: İnşallah, cənab Prezident.

Prezident İlham Əliyev: Bir daha sizə uğurlar arzulayıram.

Türkiyə şirkətinin əməkdaşı: Təşəkkür edirəm, cənab Prezident.

X X X

“Huayvey-Azərbaycan” şirkətinin baş meneceri: Salam, hörmətli cənab Prezident Əliyev. Mənim adım Deyviddi. Mən “Huayvei-Azərbaycan” şirkətinin baş meneceriyəm. Bizim “Ağıllı kənd” rəqəmsal texnologiyamızı Sizə təqdim etmək mənim üçün böyük şərəfdir. Biz bu texnologiyadan Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə edəcəyik.

Əvvəlcə, mən böyük zəfər münasibətilə, cənab Prezident, Sizə təbriklərimi və dərin ehtiramımı çatdırmaq istəyirəm. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. “AirPON” cihazı hazırda cənab Prezidentin qarşısındadır. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik. Bu, tərəfimdən hazırlanmış qısa hesabat idi. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən sizə uğurlar arzulayıram. Bu, Qarabağ regionunda ölkənin birinci layihəsidir. Mən şadam ki, Azərbaycanın yaxşı tərəfdaşı olan “Huayvei” şirkəti bu layihədə iştirak edir. Xatırlayıram ki, Çinə səfərlərimin birində mən sizin Pekindəki mənzil-qərargahınızı ziyarət etmişdim və orada mənə sizin fəaliyyətinizlə bağlı təqdimat verilmişdir. Həmçinin Bakı ofisi ilə birbaşa əlaqə də yaradılmışdır. Bilirəm ki, Bakı ofisi çox uğurlu fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər olacaq. Çünki bu, yalnız bir kənddir. Erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün sizin başqa fürsətiniz olacaq.

Baş menecer: Təşəkkür edirəm, cənab Prezident. Biz əlimizdən gələni edəcəyik.

Kənd Təsərrüfatı naziri İnam Kərimov: Bu qurğu yüz meqabitə qədər kabelsiz internet paylayacaq. Bir də telefon antenası quraşdırılandan sonra kənd internetlə təmin oluna bilər.

X X X

Prezident İlham Əliyev: Sabahınız xeyir.

İtaliya şirkətinin əməkdaşı: Salam cənab Prezident, sabahınız xeyir. Necəsiniz?

Prezident İlham Əliyev: Çox yaxşıyam, təşəkkür edirəm. Sizin layihəniz necə irəliləyir? Bu gün biz ona start veririk. Odur ki, tikintini başa çatdırandan sonra bizim yaxşı nəticələrimiz olmalıdır. Layihənin işlək vəziyyətə gətirilməsi üçün vaxt cədvəli necədir?

İtaliya şirkətinin əməkdaşı: Onlar süd ferması layihəsinin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu, kifayət qədər tezdir. Lakin bunu biz nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidənqurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var.

Prezident İlham Əliyev: Çox yaxşı. Deməli, əlbəttə ki, bu, noyabr və ya dekabr ola bilər. Bilirəm ki, planlamaq, təşkil etmək və icra etmək asan deyil, çünki biz bütün infrastrukturu, 200-dən çox evi olan kəndi, qəsəbəni salmalıyıq. Çünki buraya yaşamağa gələn insanların iş yerlərinə və istehsalata ehtiyacı olacaq. Mən burada şəkillərə baxıram, onlar çox yaxşı görünür. Məşhur “motsarella” pendiri.

İtaliya şirkətinin əməkdaşı: Bəli, təşəkkür edirəm. Bizim evlər və fermalar üçün birgə modelimiz də var. Beləliklə, Siz insanları kənddə evlərlə təmin etməzdən əvvəl onları fermada işləmələri üçün tez bir şəkildə yerləşdirə bilərsiniz.

Prezident İlham Əliyev: Çox yaxşı, təşəkkür edirəm. 

X X X

İsrail şirkətinin əməkdaşı: Sizə təqdimatımızı göstərə bilərikmi?

Prezident İlham Əliyev: Bəli, buyurun.

İsrail şirkətinin əməkdaşı: İlk növbədə, Sizin qarşınızda dayanmaqdan, Sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. Bu imkana görə təşəkkür edirəm. Mən Sizi Qarabağ ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. Biz Sizin tərəfdaşınız olmaqdan həqiqətən də şadıq. İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən bilirəm ki, İsraildə inəklər ən yüksək keyfiyyətli məhsul verir və orada inəkbaşına ən yüksək həcmdə süd alınır.

İsrail şirkətinin əməkdaşı: İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr süd alınır.

Prezident İlham Əliyev: Bilirəm.

İsrail şirkətinin əməkdaşı: Biz camışlarla da əlimizdən gələni etməyə çalışacağıq.

Prezident İlham Əliyev: Bəs hər camışdan orta hesabla nə qədər süd alınır?

İsrail şirkətinin əməkdaşı: Camışlarda bu, orta hesabla sağmal inəyin verdiyi məhsulun üçdə biri qədərdir. Bu, bir camış başına gündə 8-12 litr arasındadır.

Prezident: Aydındır. Camışlar İsraildən idxal olunacaq?

İnam Kərimov: İtaliyadan

X X X

Layihə meneceri: Salam, cənab Prezident. İlk növbədə, Sizi ərazilərinizin işğaldan azad edilməsi və suverenliyinizin bərpası ilə əlaqədar tarixi nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu, mühüm strateji bölgədə sabitlik və firavanlıq dövrü olacaq. Burada olmaq, Sizə İtaliya məhsulları və xidmətləri barədə məlumat vermək mənim üçün həqiqətən də şərəfdir. Mənim adım Cüzeppe Grisoliyadır və mən camış sağmalçılığı ilə bağlı layihə meneceriyəm. Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm, cənab Prezident. Yaradılmış imkana görə çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.

Prezident İlham Əliyev: Ümid edirəm ki, siz bu məhsulları nümayiş etdirəcəksiniz və onların dadına baxacaqsınız.

İsrail şirkətinin əməkdaşı: Cənab Prezident, qarşımıza çətin vəzifə qoydunuz. Biz hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

İsrail şirkətinin əməkdaşı: Çox sağ olun, cənab Prezident, gününüz uğurlu olsun. Təşəkkür edirəm.

X X X

Sonra dövlətimizin başçısı Zəngilan rayonunun sakinləri ilə görüşdü.

Prezident İlham Əliyev: Salam, gəlin yaxına, gəlin, yaxınlaşın.

Qadın sakin: Ağalı kəndinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu, bizim kəndimizdir. Mən Ağalı kəndində, bu kənddə anadan olmuşam, burada boya-başa çatmışam. Atamın, anamın, həyat yoldaşımın, əmilərimin, dayılarımın məzarları bu qəbiristanlıqdadır. Həyat yoldaşımın məzarı o görünən ağacın yanındadır, iş başında həlak olubdur.

Prezident İlham Əliyev: Eviniz harada, hansı tərəfdə olub?

Qadın sakin: Evimiz aşağıdadır.

Prezident İlham Əliyev: Böyük Ağalıda.

Qadın sakin: Siz birinci dəfə maşınla keçəndə göstərirsiniz ki, bu ev kimindir, yəqin tanıyacaq. O, bacımın evidir. Çox sağ olun, çox şadam ki, Sizinlə, xanımınızla, qızınızla burada görüşürəm. Hamınızı bağrıma basıram, öpürəm.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Ağalıya qayıtmısınız.

Qadın sakin: Sağ olun, mən də Sizə cansağlığı, uzun ömür arzulayıram ki, bizi gətirib öz yerimizə çıxartdınız, torpağımızı gördük. Torpağımızı azad etmisiniz. Siz torpaqlarımızla bərabər şəhidlərimizin qisasını almısınız, qazilərimiz var. Qazilərimizə Allahdan sağlıq, şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm. Sizin qarşınızda baş əyirəm ki, Ali Baş Komandan kimi onları ətrafınıza toplayıb dünyada görünməyən 44 günlük müharibədə qalib gəlmisiniz. Birinci Qarabağ müharibəsində mənim dayımın oğlu, üzr istəyirəm, həm də kürəkənim 5 il 8 ay müharibədə iştirak etdi. 44 günlük müharibədə könüllü iştirak edən nəvəm qazidir. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Ağalı camaatı bu dəqiqə startda durub, hamımız bir nəfər kimi. Uşaqdan böyüyə hamı deyir ki, gedirik Ağalıya qurub-yaradaq. Ağalı camaatı zəhmətkeşdir. Mən 28 ildir şəhərdə yaşayıram.

Prezident İlham Əliyev: Harada, Bakıda yaşamısınız?

Qadın sakin: Bəli, Biləcəridə yaşayıram.

Prezident İlham Əliyev: Biləcəridə yataqxanada, yoxsa?

Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.

Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.

Qadın sakin: Bu kənd varlı kənd olub, kolxozu ilə. Mənim belə bir bayatım var:

Mən aşiqəm kəndə gəl,

Mən gəlmişəm, sən də gəl.

Ermənilərin dağıtdığı kəndə baxıb,

Təzə tikilən texnikalı kəndə bax.

Prezident İlham Əliyev: Özü də bu kənd nümunəvi bir kənd olacaq.

Qadın sakin: Bəli, çox sağ olun. Çox şadam ki, Sizinlə burada görüşdüm. Canım mənim, hamınızı bağrıma basıram, öpürəm Sizi.

Prezident İlham Əliyev: Siz nə vaxt çıxmısınız Ağalıdan?

Qadın sakin: 1993-cü ildə çıxmışam və həmişə Siz yumruğunuzu göyə qaldıranda Sizinlə bərabər mən də qaldırmışam, yenə də qaldırıram və deyirəm: Qarabağ bizimdir! Ağalı bizimdir! Zəngilan bizimdir! Gənclərimiz Sizin arxanızdadırlar. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Prezident İlham Əliyev: Sağ olun. Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad edildi. Bilirsiniz ki, burada Zəngilan uğrunda, bütün kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Biz qan tökərək bu torpaqları qaytardıq.

Qadın sakin: Bəli, nəvəm də burada döyüşlərdə iştirak edib.

Prezident İlham Əliyev: Düşmənləri qovduq və mən birinci dəfə buraya gələndə, dağıntıları görəndə və maşınla keçəndə dedim ki, görəsən, bu ev kimindi? Çünki o evin bir hissəsi qalmışdı.

Qadın sakin: Bəli, indi də qalır, gördüm.

Prezident İlham Əliyev: Qanunsuz məskunlaşmışdılar, dedim ki, yəqin Ağalı camaatı tanıyar kimin evidir.

Qadın sakin: Bəli, mən qulaq asmışam.

Prezident İlham Əliyev: İndi isə yeni layihə ilə yəqin ki, tanış olmusunuz. Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir. Mən burada gəncləri də görürəm, onlar yəqin ki, müharibədən sonra dünyaya gəliblər, ya da ki, müharibədən əvvəl.

Qadın sakin: Bir yaşında, yeddi aylığında köçkün düşən uşaqlardır.

Prezident İlham Əliyev: Neçə yaşın var?

Oğlan: Möhtərəm cənab Prezident, mən Sizi kəndimizdə görməyimə çox məmnunam. Mən Zəngilanda doğulan ən son körpələrdənəm, buranı məcburi köçkün kimi tərk edəndə yeddi aylıq olmuşam. Bu gün, 28 ildən sonra ilk dəfədir ki, biz öz dədə-baba torpağımıza qədəm qoyuruq və sevindirici hal ondan ibarətdir ki, cənab Prezident, Sizinlə bir yerdə ayaq basırıq.

Cənab Prezident, biz Sizin siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizin çıxışlarınızı hər zaman izləmişik, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda Sizin çıxışınızda bir ifadə bizim diqqətimizi çəkdi. Siz dediniz ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada dalğalanan Azərbaycan bayrağı nümayiş üçün Azadlıq meydanına gətiriləcək.

Prezident İlham Əliyev: Bəli.

Oğlan: Cənab Prezident, biz 2020-ci ildə o möhtəşəm Qələbə paradında buna şahidlik etdik. Cənab Prezident, ümumiyyətlə, biz Zəngilan gəncləri daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq gənclərdir. Ümumiyyətlə, Zəngilan mühüm coğrafi-strateji əhəmiyyətə malik bir rayondur. Zəngilan bizim Naxçıvana keçid qapımızdır. Zəngilan bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısıdır. Zəngilan burada bir çox yolların qovuşuğunda yerləşir. Ümumiyyətlə, Zəngilanda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Zəngilanda münbit torpaqlar, bol sular, təmiz hava var. Zəngilanda əkib-becərmək üçün hər cür şərait var.

Prezident İlham Əliyev: Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur.

Qadın sakin: Zəngilan bizim uşaqlıq nağıllarımızdır.

Oğlan: Cənab Prezident, yeri gəlmişkən deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bizim hər birimizin evində oldu. Bizimlə ayrıca sorğular keçirildi, orada əhalinin yaş qrupu müəyyənləşdirildi, əhalinin əmək fəaliyyətinin istiqaməti müəyyən olundu. Sizi əmin edirəm ki, o sorğuda iştirak edən hər bir Zəngilan sakini Zəngilana qayıdacağını qeyd edib. Mən əminəm və Sizi də əmin edirəm. Çünki bura bizim dədə-baba yurdumuzdur. Mənim babam uzun illər burada kolxoz sədri işləyib, cənab Prezident. Atam daş ustası olub. Öz əlinin zəhməti ilə bu Ağalı kəndində 30-a yaxın ev inşa edib. Təəssüflər olun ki, erməni vəhşiliyi nəticəsində o evlərdən heç bir əsər-əlamət yoxdur. Ancaq biz kədərlənmirik, əksinə, sevinirik ki, bu gün “ağıllı kənd” layihəsinə start verilir və ikiqat sevinirik ki, bu layihə məhz bizim kəndimizdən başlayır. Bunun üçün Sizə ikiqat təşəkkür edirik, cənab Prezident, var olun.

Cənab Prezident, biz həmişə oktyabr ayında hüznlə bir yerə toplaşırdıq, Zəngilanın işğal gününü qeyd edirdik. Amma bu ildən etibarən biz oktyabr ayında qələbə gününü, bayram gününü qeyd edəcəyik. Əminəm ki, Siz də bizimlə bir yerdə Ağalı kəndində bayram şənliklərində iştirak edəcəksiniz. Var olun, cənab Prezident, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mütləq. Bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi. Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, - yəqin ki, siz maketlərdə görmüsünüz, layihə ilə tanış olmusunuz, - dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək.

Kişi sakin: Ona görə Sizə minnətdarıq, cənab Prezident, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Siz də burada yaşamısınız?

Kişi sakin: Bəli, hazırda Sumqayıtda məskunlaşmışıq.

Qadın sakin: Mənim nəvəm Bakıda anadan olub. Ancaq hərbi xidmətini qurtarandan sonra özü gəlmişdi buraya. Gəlib Füzulinin kəndindən zəng etmişdi ki, məndən nigaran olmayın, amma Şuşada imiş. Yəni, demək istəyirəm ki, o uşaq burada anadan olmasa da, buranın havası, buranın torpağı, danışdığımız nağıllar o uşağı çəkib buraya gətirdi. Şükür Allaha sağ-salamatdır, Allah-Təala qazilərimizə də şəfa versin. Mehriban xanım Sizin sayənizdə qazilərimiz xaricdə müalicə alırlar, onlara köməklik göstərirsiniz.

Prezident İlham Əliyev: Zəngilan çox səfalı yerdir, gözəl yerdir. Dağları, çayları, meşələri.

Kişi sakin: Bizim kəndimizə dəyər verdiyinizə görə, cənab Prezident, Sizə çox minnətdarıq. Allah Sizdən razı olsun.

Qadın sakin: Allah Sizə cansağlığı versin. O körpə uşaq ki var, Siz bir ana kimi ona qayğı göstərdiniz, Sizə minnətdarıq, çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Kişi sakin: Bunlar hamımızın ürəyindən gələn sözlərimizdir.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Biz həmişə Sizin arxanızda durmuşuq.

Prezident İlham Əliyev: Gəlin indi birlikdə təməl daşını qoyaq. Böyük qayıdış bu gün başlayır.

Kişi sakin: İnşallah.

X X X

Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.

Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.

Kişi sakin: Qoy hamının burada zəhməti olsun.

Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.

Qadın sakin: Xeyirli, uğurlu olsun.

Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.

Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.

Prezident İlham Əliyev: Sağ olun məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.

Qadın sakin: Mütləq bizə gəlin.

Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.

Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla sən də gəl.

Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.

Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəkilini

Prezident İlham Əliyev: Eybi yoxdur bir azdan uçacaqlar.

Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.

Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.

*** 19:50
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

News24.az-ın xəbərinə görə, səfərdən geniş reportaj aprelin 27-də təqdim ediləcək.