“Ayda 7 milyon manat pul qazanırdım” – Gülağa Tənha şok faktlar açıqladı - MÜSAHİBƏ
    • 29-10-2018, 15:30
    • 8 107

“Ayda 7 milyon manat pul qazanırdım” – Gülağa Tənha şok faktlar açıqladı - MÜSAHİBƏ

Oxucular bu rubrikada tanınmış ictimai-siyasi xadimlərin, iş adamlarının, məşhur insanların keçdiyi həyat yolunu, səmimi etiraflarını öz dilindən eşidəcəklər.
Rubrikanın ilk qonağı azərbaycanlı milyonçu iş adamı və şair Gülağa Qəmbərovdur.
DOSYE: Ədəbi mühitdə Gülağa Tənha imzası ilə məşhurlaşan Gülağa Qəmbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. "Gülaga Qəmbərov Fondu”nun prezidentidir. O, bir çox məşhur müğənnilərin ifa etdiuyi musiqilərin söz müəllifidir.
-Gülağa müəllim, bir zamanlar məşhur Azərbaycan şahmatçıları – Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlara sponsorluq edirdiniz. Son açıqlamasında Şəhriyar Məmmədyarov bildirdi ki, o oyunlara öz şəxsi vəsaiti hesabına qatılır. Niyə ona kömək etmirsiniz?
-Şəhriyarın o açıqlaması ilə tanış oldum. Şahmat Federasiyasının rəhbərliyi şahmatçılara öz doğması, öz əzizi, göz bəbəyi, öz bədəni və bədən əzasının üzvü kimi baxmalıdır. Daha bu qurumun rəhbərliyində alverçi təfəkkürlü insanlar oturmamalıdır. Belə olduqda həmin biznesmen şahmata gəlir mənbəyi kimi baxacaq. 2000-ci illərin əvvəllərində mən şahmatçılara pullar sərf etməklə yanaşı öz ürəyimi, canımı, ömrümü sərf edirdim. Uşaqların evdə geyimindən, yeməyindən, tərbiyəsindən, təhsilindən tutmuş hansı şəraitdə davranmasına qədər diqqət mərkəzində saxlayırdım. Məhz bu səbəbdən Məmmədyarovların belə yüksək nəticələri oldu. 
Şahmatçılar oyun vaxtı çox zaman başı aşağı vəziyyətdə dayanırlar. Nəticədə onların boyunlarında ostrexondroz yaranır. Bu xəstəliyin nəticəsində şahmatçıların beyninə qan zəif gedir. Qan zəif gedəndə zəif qavrayırlar. Bu səbəbdən onların boyunları vaxtaşırı masaj olunmalı, onlara beyin işlədən dərmanlar verilməlidir. Mən bunların hamısını bizim şahmatçılar üçün edirdim. Digər tərəfdən ayırdığım pulların düzgün xərclənməsinə şəxsən özüm nəzarət edirdim. Teymur Rəcəbov, Vüqar Haşımov, Şəhriyar Məmmədyarov pulun-pul vaxtında hər ay məndən 500 manat təqaüd alırdılar. Bütün bunlara baxmayaraq, Şahmat Federasiyasının rəhbərliyi mənə təklif etdi ki, ayırdığım vəsaiti onlara yönəldim. Sonra gördüm ki, ayrılan pullar şahmatçıların inkişafına yönəlmir, kimlərinsə cibinə gedir. Hesablama Palatasının yarıtmaz fəaliyyəti bu cür halların baş verməsinə gətirib çıxarır. Bundan sonra küsdüm və bu fəaliyyəti dayandırdım. Şəhriyarın böyük potensialı var. Mən onun hesabına "şahmat tacı”nı Azərbaycana gətirmək istəyirdim. Ona öz doğma qardaşım kimi yanaşırdım.
- Özünüzdən 24 yaş kiçik olan Zeynəb Məmmədyarova ilə evli olmusunuz. Niyə sonradan yollarınızı ayırdınız?
-Bizim bu nikahdan Eldar adında övladımız var. Zeynəb xanım doğrudan da mənim həyat yoldaşım olub. Bizim bir-birimizə qarşı hörmətlə yanaşı sevgi hissimiz də olub. Ailə sirlərini açıb demək istəmirəm. Zeynəb xanım cavan idi, başladılar onda qısqanclıq yaratmağa. Çox təəssüf ki, o həmin təsirlərə uydu və öz bildiyi kimi hərəkət etdi. Həyat onundur və yenə də özü bilər. Düzdür, sonradan böyük peşmançılıq yaşadı və hər şeyi başa düşdü. Bütün hallarda Zeynəb xanım mənim övladımın anasıdır. Mən onun haqqında yalnız müsbət sözlər deyə bilərəm.
-Eldar Mahmudovla baglı olaylarda adınız hallanırdı. Mətbuatda bununla bağlı xəbərlər yayılırdı...
-Eldar Mahmudovdan öncə Milli Təhlükəsizlik naziri Namiq Abbasov olub. O da məni gözəl tanıyırdı. Mən dəfələrlə onunla görüşmüşəm. Mən dünyadan köçəndən sonra 300 cildlik kitabım çıxacaq. O kitabda bütün məqamlara aydınlıq gətirmişəm. Elə məsələlər var ki, dövlət sirri olaraq qalır və mən onları aça bilmərəm. O ki qaldı Eldar Mahmudovla münasibətlərimə, onun bağ qonşusu, rəhmətlik Bəkir Nəbiyev var idi, mənim kitablarımın elmi rəhbəri idi. İlk dəfə məni Eldar Mahmudovla o görüşdürüb. Bəkir müəllim məni onunla tanış edib. Biz tək olmamışıq, bir neçə nəfər də həmin görüşdə iştirak edib. Ondan sonra bir dəfə dövlət tədbirində rastlaşmışıq. Fikrət Məmmədov, Fazil Məmmədov, Rasim Əliyev, Kamil Əliyev və digərləri ilə birlikdə söhbət etmişik. Cəmi iki dəfə görüşmüşük. Vəzifədə olduğu dövrdə məni izlətdirib. Əgər mənim onunla səmimi münasibətim olsaydı, o məni izlətdirməz və təqib etməzdi.
-Bir aralar sizin şerlərinizə bəstələnən musiqiləri məşhur müğənnilər ifa edirdi. Buna da son qoydunuz, yoxsa?..
-Xeyr, dayandırmamışam. Sadəcə olaraq qabaqlar vaxtım çox olurdu. Azərbaycana tez-tez gəlib gedirdim. Son vaxtlar isə müəyyən fasilələr yaranıb. Bu yaxınlarda mənim yeni beşcildlik kitabım nəşr olunacaq. Hazırda həmin kitab hazırlanma mərhələsindədir. Bundan əlavə mənim sözlərimə yeni mahnılar bəstələnib. "Youtube”de bu musiqilər artıq yayımlanıb. Vətən ağrılı-acılı problemlərini bu gün də həm hekayə, həm şeir şəklində qələmə alıram.
-"Gülağa Qəmbərov Fondu”nun fəaliyyəti nəzərə çarpmır. Fondun fəaliyyətini hansı səbəbdən dayandırdınız?
-Əvvəllər parakəndə şəkildə hamıya pul paylayırdım, hamıya ürəyim yanırdı. İstər Masallı rayonunda, istərsə də paytaxtda və digər regionlarda fonda çoxsaylı müraciətlər daxil olurdu. Daha sonra bu sahədə ixtisaslaşmış fondlarla əməkdaşlıq etməyə başladım. Daha parakəndə şəkildə yox, sistemli formada xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağa başladım. Baxmayaraq ki, şəxsi köməkləri özüm edirdim, ciddi xeyriyyəçiliyi digər fondlarla əməkdaşlıq şəraitində həyata keçirirdim. Ötən il Masallıda və Bakının rayonlarında bir çox abadlıq işləri apardım. Qabaqlar hər ay 7 milyon manat (3.5 milyon avro) pul qazanırdım. Bunun 10 faizini, yəni 700 min manatını xeyriyyə işlərinə sərf edərdim. Hazırda isə gəlirlərim xeyli azalıb. Ayda 700 min manat pul qazanıram və onun 70 min manatını xeyriyyə işlərinə sərf edirəm. Bu səbəbdən xərcləri optimallaşdırmışam. Lakin bununla yanaşı xeyriyyəçilikm fəaliyyətim bu gün də davam edir.
-Hazırda nə işlə məşğulsunuz? Fəaliyyətiniz daha çox hansı sahələri əhatə edir?
-Hazırda Almaniyada, İspaniyada şirkətlərim var. Ömür boyu tikinti biznesi ilə məşğul olmuşam. Bu gün də həmin fəaliyyətim davam edir. Düzdür, hazırda xaricdə qızıl mədənlərim, zərgərlik dükanlarım, restoranlarım da var. Azərbaycanda da restoranım var. Hər ay bu restorana öz cibimdən pul xərcləyirəm. Ordan pul qazanmıram.
-Siz iş adamı kimi cəmiyyətdə məşhurluq qazandıqdan sonra yeni simalar da populyarlaşmağa başladı. Misal üçün elə öz yerliniz Mübariz Mənsimov...
-Mən sizə bir sirr açım. İndiyə qədər heç yerdə demədiyim bir sirri açıram. Xaricdə yaşayan elə iş adamları var ki, onlar Azərbaycanda düzgün siyasət yürütmədilər. Onlar xeyriyyəçilik fonunda müəyyən iddialar ortaya qoyurlar. Əslində xeyriyyəçinin işi xeyriyyəçilik olmalıdır. Mən vətənpərvər insanam. Əgər müəyyən imkanlarım varsa, ondan öz soydaşlarıma da pay ayırmalıyam. Mənim yeganə məqsədim bu olub, mənim başqalarından fərqli olaraq heç bir iddiam olmayıb.
-Almaniyada yaşadığınızı dediniz. Avropada Orduxan Temirxan, Tural Sadıqlı və digərlərinin ölkəmiz əleyhinə fəaliyyətini necə qiymətləndirirsiniz?
-Mən bu məsələ ilə bağlı beynəlxalq mətbuatda bir neçə məqalə dərc etdirmişəm. Onların fəaliyyəti dövlətimizin əleyhinə yönəlib. İnanın səmimiyyətimə, bu gün cənab Prezident İlham Əliyevi əvəz edəcək ikinci bir lider yoxdur. Prezident olmaq üçün çoxlu komponentlər lazımdır. Savadlı olmalısan, peşəkar olmalısan, təcrübəli olmalısan və s. İlham Əliyev böyük bir məktəb keçib. Cənab Prezident hələ uşaq yaşlarından Heydər Əliyev kimi dahi siyasətçidən siyasət dərsi öyrənib, o keyfiyyətləri əzx edib, peşəkar siyasətçi ailəsində dünyaya göz açıb. Gürcüstanda üç dəfə Şvarnadzeni devirdilər, hakimiyyətə gəldilər. Lakin bilmədilər ki, hakimiyyəti necə idarə etsinlər. Çünki təcrübələri yox idi. Ulu Öndər Heydər Əliyev hələ sağlığında Azərbaycanın inkişafı üçün yol xəritəsi cızmışdı və həmin siyasət bu gün də uğurlu davam etdilir. Düzdür, iqtidar daxilində bəzi məmurlar var ki, cənab Prezidentə sədaqətlə xidmət etmirlər. Çox sevindirici haldır ki, o cür məmurlarla artıq yollar ayrılır və bu proses davam edəcək.
//AZXEBER.COM