"Haqlı narazılıq varsa, dərhal tədbir görürük" -
    • 28-04-2021, 13:08
    • 1 281

"Haqlı narazılıq varsa, dərhal tədbir görürük" - "YAŞAT” Fondunun rəhbəri ilə VİDEOMÜSAHİBƏ

"YAŞAT” Fondunun şüarı “qələbəni bizə yaşadanları yaşat”dır. Qələbəni bizə yaşadanları yaşatmaq üçün fond fəaliyyətini davam etdirməlidir”.

Bunu News24.az-a müsahibəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
 
Müsahibəni təqdim edirik:
 
-“YAŞAT” Fondu bu günə qədər neçə şəhid və qazi ailəsinə kömək edib, fondun qazilərlə bağlı hansı missiyaları var?
 
- Bu günə qədər ümumilikdə “YAŞAT” Fondu tərəfindən 2881 şəhid ailəsi ziyarət olunub. 2785 yaralı ilə görüş olub. Bu görüşlər əsasən səhiyyə ocaqlarında reallaşıb. 300-dən artıq yaralımız yataq xəstəsi olduğundan görüş onların mənzillərində baş tutub. Şəhid ailələrinin üzvləri və yaralılarımız da daxil olmaqla, 14 mindən çox vətəndaşımızla görüş keçirilib. 5 881 nəfərin müraciəti öhdəliyə götürülüb. Bunlardan 4 863 reallaşdırılan öhdəlik var. 4 863 öhdəliyə qarşı “YAŞAT” Fondu 20 milyon manata yaxın vəsaiti təyinatı üzrə xərcləyib. 
 

 -“YAŞAT” Fondunun fəaliyyətinin şəffaflığı necə təmin edilir? 

 
- “YAŞAT” Fondunun şəffaflığını təmin etməklə bağlı sıxıntı və ya narahatlıq yoxdur. Çünki fondun rəsmi saytı var: “Yashat.gov.az”. Bu saytın hesabatlar bölməsini izləməklə dünyanın istənilən nöqtəsindən fondun vəsaitlərinin hansı istiqamətə, hansı problemə və kimə xərcləndiyini öyrənmək mümkündür. Tarixlər, qəbzlər, ödəniş edilən videolar saytda yer alıb. 
 
- Elvin müəllim, müalicə üçün Türkiyəyə göndərilən qazilərimizlə bağlı vəziyyət nə yerdədir? Türkiyədən başqa hansı ölkələrlə əməkdaşlıq edilir? 
 
- “YAŞAT” Fondunun fəaliyyət istiqamətlərindən biri də tibbdir. Fondumuz bu istiqamət üzrə həm şəhid ailələrinə, həm də qazilərimizə yardım edir. Ölkə daxilində və xaricində bu dəstəklər həyata keçirilir. Qazilərimizi ölkə xaricinə biz o halda göndəririk ki, müalicə burada mümkün olmasın. Onlar özlərini Türkiyədə qərib hiss etmirlər. Sanki öz doğma məmləkətlərindədirlər. Türkiyə indiyədək heç bir qazimizin müalicəsi ilə bağlı bizə "reallaşdırmaq mümkün deyil", deməyib. Bu üzdən də digər dövlətlərlə danışıqlar aparçaq zərurəti yaranmayıb. Göndərdiyimiz bütün qazilərimizin müalicəsi uğurla həyata keçirilir. “YAŞAT” Fondu tərəfindən bugünə kimi 76 ağır vəziyyətdə olan qazimiz Türkiyəyə göndərilib. Onlardan 9 nəfəri sağalaraq, ölkəmizə geri qayıdıb. Hazırda 67 qazimizin Türkiyədə müalicəsi davam etdirilir.
 
-“YAŞAT” Fondunun əhatə dairəsi genişlənə bilərmi?

- Fondumuzun 4 fəaliyyət istiqaməti var: Məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin ödənilməsi, təhsil və zəruri tibbi xidmət. 
27 sentyabrdan sonra dünyaya gələn şəhid övladları ilə bağlı bizim layihəmiz var. Həmin şəhid övladları heç vaxt öz atalarını görməyəcəklər. Onların ataları bizim hər birimizin fəxrimizdir. Onlar bu məmləkət üçün canlarından keçiblər. Biz isə layihə çərçivəsində yeni dünyaya gələn körpənin ilkin xərclərini qarşılamaq üçün ananın hesabına min manat vəsait köçürürük. Körpənin adına bankda depozit hesab açılır və 5 min manat köçürülür. Uşaq 18 yaşına çatana qədər onun faizləri hesablanır. Şəhidimizin övladı 18 yaşına çatdıqdan sonra məbləği götürüb istədiyi istiqamətə xərcləyə bilər. 
 

- Bölgələrdəki fəaliyyətiniz necə tənzimlənir?
 
-Bizim regionlarda “ASAN xidmət” mərkəzləri və “ASAN Həyat” kompleksləri fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarını bu işə cəlb etmişik. Onların köməyi və dəstəyi ilə regionlarda olan fəaliyyətimizi tənzimləyib idarə edirik. 
 
- Bilirik ki, bu cür kütləvi işlərdə hər kəsi razı salmaq mümkünsüzdür. Bu mənada bəzən fondun fəaliyyəti ilə bağlı cəmiyyətdə narazılıqları da müşahidə edirik. Bu cür halların qarşısını almaq üçün hansı addımların atılmasına ehtiyac var? 
-“YAŞAT” Fondunun əməkdaşlarının böyük əksəriyyəti qazilərimiz və şəhidlərimizin övladlarıdır. Əməkdaşlarımız arasında qazilərimiz var ki, 1 həftə komada qalıb, ayaqları amputasiya olunmamaq üçün 23 dəfə cərrahi əməliyyat keçirib. 1992-1993-cü illərdə olan döyüşlərdə atalarını itirən şəhid övladları bizimlə çalışır. Yəni bizim əməkdaşlarımız ailələrlə hansı formada danışmalı olduqlarını çox gözəl bilirlər. Bugünkü situasiyada şəhid ailələrinin və qazilərin problemini öz həyatlarında görən insanlarla çalışırıq. Bizim həmin ailələrlə ünsiyyətdə bir problemimiz yoxdur. Haqqlı narazılıq varsa, tərəfimizdən dərhal dəyərləndirilir, problemin həlli istiqamətində əməli tədbirlər görülür. Bizim əməkdaşlarımız tərəfindən hər gün onlarla qazi və şəhid ailələrimizin üzvləri qəbul edilir, görüşlər keçirilir. Biz heç vaxt fondun qapılarını o şəxslərin üzünə bağlamamışıq. 
 
 - Elvin müəllim, “YAŞAT” Fondu ilə yanaşı sosial şəbəkələrdə də iaənələr toplanılır. Bu məsələyə də münasibət bildirməyinizi istərdim.
 
-Azərbaycan xalqı yardımsevən və qədirbilən xalqdır. Fond yaranmamışdan qabaq hər kəs bir-birinə dəstək olmağa çalışırdı. Bu, xalqımızın genetikasında var. “YAŞAT” Fondunun yaranma səbəblərindən biri də cəmiyyətdən çağırışın olması ilə bağlıdır. Cənab prezident bu çağırışa müsbət cavab verərək, “YAŞAT” Fondunu yaratdı. Fond yarandıqdan sonra bu yardımlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Vətəndaşlarımız sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə ianə toplamaq istəyirlərsə, bu məsələ “YAŞAT” Fondunda heç bir narahatlıq doğurmur. Bizim bu addımı qadağan etmək kimi bir çağırışımız da yoxdur. Yaxşı niyyətə heç vaxt yox demirik.
 

- Fondun əsas maliyyə dəstəyi haradandır? Daha çox hansı qurum və ya şirkət fonda bu cür dəstək verib? Fonda Ümumiyyətlə, dünyada yaşayan azərbaycanlı iş adamlarından yardım edən olubmu?
 
- “YAŞAT” Fondunda ianələr könüllülük əsasında toplanılır. Yardımlar da məhz vətəndaşlarımız və dünya azərbaycanlıları tərəfindən həyata keçirilir. Fondun rəsmi saytında bütün detalları, məbləğləri görmək mümkündür. İaənələrin böyük əksəriyyəti hüquqi şəxslərin payındadır. Hüquqi şəxslərlə yanaşı fiziki şəxslər də yardım edir. 
 
- Dünyanın hansısa müharibə yaşamış ölkəsində, “YAŞAT” Fondu kimi bir analoji qurum varmı?
 
- Qardaş Türkiyə dövləti tarixən savaşların olduğu bir yerdir və döyüş ənənələri ilə zəngindir. Türkiyədə olan fondlara nümunə kimə vəqfləri deyə bilərik. Vəqf mədəniyyəti Osmanlı dövrünə gedib çıxır. Biz Türkiyədə fəaliyyət göstərən 4 fondla görüşlər keçiririk. Qarşıdakı günlərdə onları Azərbaycana dəvət edib, Niyyət Protokolu imzalayıb, qarşılıqlı fəaliyyət göstərmək istəyirik. Beləliklə, onların təcrübəsini biz, bizim təcrübəmizi isə onlar tətbiq etsin. 
 
- “YAŞAT” Fondunun fəaliyyəti nə zamana kimi nəzərdə tutulub?  Bunun üçün müəyyən bir vaxt qoyulub, yoxsa, daimi olacaq?

 
- Fondun şüarı “qələbəni bizə yaşadanları yaşat”dır. Qələbəni bizə yaşadanları yaşatmaq üçün “YAŞAT” Fondu fəaliyyətini davam etdirməlidir. Azərbaycan xalqı var olduqca, bu fondu da yaşadacaq.

Müxbir: Məhərrəm ƏLİYEV
FOTO/ 
VİDEO: Fərid ŞABANOV
                    Hüseyn HƏSƏNOV