-
- 31-10-2018, 10:35
- 1 161
Sumqayıt Dövlət Dram Teatrı 50 yaşını qeyd etdi- FOTO
Hər şey bayrama ciddi hazırlıqdan və yaradıcı yanaşmadan xəbər verirdi: teatr binasının qarşısındakı geniş meydanda repertuardakı tamaşaların dekorasiyalarından ibarət "şəhərcik", foyedə teatrın 50 illik fəaliyyətini əks etdirən sərgi, tamaşaların maketləri, teatrda çalışanların üzündəki, davranışındakı təlaş qarışıq sevinc...
News24.az xəbər verir ki, oktyabrın 30-da Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edildi. Kollektiv Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyul 2018-ci il tarixli sərəncamına əsasən qeyd olunan yubiley tədbirinə əməllicə hazırlaşmışdı. Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış oldular.
Təntənəli mərasim Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başladı. 1968-ci ildə hələ iyirmi yaşı tamam olmamış gənc Sumqayıt şəhərində mədəniyyət ocaqlarının tikilməsi, gənclərin dram dərnəklərinə həvəs göstərməsi, sənaye şəhərinin sürətlə böyüməsi əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün teatrın yaranmasını vacib amilə çevirirdi. Gənclik şəhərində teatrın yaradılması barədə respublika Nazirlər Sovetinin sərəncamına əsasən, mədəniyyət naziri Rauf Hacıyevin əmri ilə 1 avqust 1968-ci ildə fəaliyyətə başlayan sənət ocağına o dövrün tanınmış teatr xadimləri, cavan rejissorlar üz tuturlar. Dövlət Gənclər Teatrı kimi işə başlayan kollektiv ilk tamaşanı 1969-cu il may ayında oynayır. Yeni teatr Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası ilə teatrsevərlərin görüşünə gəlir.
Respublikanın digər teatrları kimi, Sumqayıt teatrı da daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub, kirayənişin kimi məskunlaşdığı “Kimyaçı” Mədəniyyət sarayı isə Prezident İlham Əliyevin sərəncamı ilə teatrın balansına keçirilib, tikildiyi vaxtdan keçən 60 il ərzində ilk dəfə əsaslı təmir edilərək, yaradıcı kollektivin ixtiyarına verilib.
...Səhnəyə öz əcinnələri Məlixə, Səlixa, Zəlixa ilə birlikdə çıxan Dərviş Məstəli şah bayram məclisinə şən ovqat qatdı. Amma şənlik öz yerində, yubiley tədbirinin rəsmi qonaqları da ürək sözlərini deməli idilər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışına bu dəfə doğma teatrın səhnəsinə tamaşaçı kimi çıxmış kollektivə "Əziz teatr fədailəri" müraciətilə başladı. Nazir dedi ki, bu gün təkcə Sumqayıt üçün deyil, ölkənin mədəniyyət aləmi üçün böyük bayramdır: "Fəxr edirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış teatr insanları ilk addımlarını bu teatrın səhnəsində atıblar".
Sumqayıt teatrının tarixinin ulu öndər Heydər Əliyevin epoxasına təsadüf etdiyini vurğulayan nazir teatrın cəmiyyətin aparıcı qüvvəsi olduğunu, insanların mənəvi tərbiyəsində böyük rol oynadığını dedi.
Əbülfəs Qarayev çıxışının sonunda Sumqayıt teatrının kollektivi, ölkənin mədəniyyət ictimaiyyəti adından teatra göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirdi. Nazir teatrın 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən fəxri ad və "Tərəqqi" medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim etdi.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi salamlayaraq, bütün sumqayıtlılar adından teatrın kollektivini təbrik etdi, onlara sənət uğurları arzuladı. O, ölkə başçısının təsdiqlədiyi regionların inkişaf proqramına əsasən Sumqayıtda da mühüm işlər görüldüyünü deyərək son illər şəhərdə inşa edilən, təmir-bərpa olunan mədəniyyət obyektləri və mədəni istirahət ocaqlarının adlarını çəkdi. Yubilyar kollektivin Sumqayıtın ictimai həyatında, dövlət tədbirlərində fəal iştirak etdiyini, bir çox respublika və şəhər əhəmiyyətli tədbirlərin teatrın binasında keçirildiyini bildirən Z.Fərəcov teatrın bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi.
Sumqayıt teatrı bu şad günündə tək deyildi. Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov kollektiv üzvlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı, kollektivin bir qrup üzvünə ittifaqın fəxri fərmanını təqdim etdi.
Bu teatrda ilk tamaşaya quruluş vermiş Xalq artisti Cənnət Səlimova sözlə, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Gülüstan Əliyeva isə musiqi ilə Sumqayıt teatrını təbrik etdilər. Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Musiqili Teatrı isə öz təbriklərini dost zarafatı kimi çatdırdılar.
Maraqlı və şən ovqatlı yubiley tədbiri bütün kollektivin xor ifası ilə başa çatdı. Əgər kollektiv, üstəlik, dram teatrının kollektivi xor oxumağı bacarırsa, deməli, o, daha böyük yaradıcılıq uğurlarına imza ata bilər. Bir də ki, teatr üçün 50 yaş nədir ki? 70 yaşlı cavan şəhər üçün 50 yaşlı kollektiv ağsaqqal kimi görünsə də, böyük mədəni tarixlə bərabər addımlayan 50 yaşlı teatr hələ çox cavandır. Əlli yaşında cavan, ad günün mübarək!