Təranə Səmədova halallıq istəyib
    • 31-10-2018, 14:46
    • 1 927

Təranə Səmədova halallıq istəyib

İki qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilən tanınmış prodüser Təranə Səmədova və zərərçəkənlərdən biri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

İş üzrə zərərçəkmiş kimi tanınan Sona Əhəd qızı Kərimova bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəza alıb.
Belə ki, Sona Kərimova oğurluqda təqsirləndirilərək 2700 manat cərimə cəzasına məhkum edilib. O, tamah məqsədi ilə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqda təqsirləndirilib.
İstintaqla müəyyən edilib ki, Sona Kərimova 2014-cü ildə tanışları Fərid Azayev, onun qardaşı Faiq Azayev və istintaqa məlum olmayan daha bir nəfərlə birgə dayısının Xətai rayonu, Y.Səfərov küçəsi, ev 11, mənzil 10 ünvanında yaşadığı evinin qarşısında yerləşən qarajından əvvəllər tanımadığı Kərimov Pərviz Məhərrəm oğluna məxsus 1 ədəd 7700 manat dəyərində olan "Yamaha 1300” modelli skuteri (hidroskl) oğurlayıb.
Maraqlı fakt ondan ibarətdir ki, Sona Kərimovanın birgə cinayəti törətdiyi Azayev qardaşları şou-biznes aləminə yaxın olublar. Fərid Azayev Təranə Səmədovanın, Faiq Azayev isə müğənni Rəqsanənin keçmiş sevgilisidir.
Bir müddət əvvəl Təranə Səmədova verilişlərin birində Fərid Azayevlə bağlı danışıb. Prodüser aparıcının ona ünvanladığı "Həyatda ən çox kimi incitmisiniz” sualına cavab verərkən ağlayıb: "Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların "prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki... Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Fəridə demişdim ki, get özünə karyera qur və qardaşından uzaqlaş... Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası. Mən ondan mənə halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?"... 

//Open.az