Avtomobili normadan artıq yükləyən şəxslərlə bağlı yoxlamalar aparılır
    • 25-05-2021, 15:00
    • 413

Avtomobili normadan artıq yükləyən şəxslərlə bağlı yoxlamalar aparılır

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi davamlı və irihəcimli işlər görməkdədir.

News24.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, müşahidələrə əsasən, bəzi fiziki və hüquqi şəxslər yük avtomobillərini oxa düşən kütlə parametrlərinə dair tələbi pozmaqla normadan artıq yükləyir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzən digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.

Bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Agentliyə məxsus “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları inzibati xəta haqqında protokol tərtib edir. Bu çərçivədə son günlər iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 30-dan çox sürücü 600 manat məbləğində cərimə olunub.

"Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədi ilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək", - agentlik bəyan edib.