Gənclər və İdman Nazirliyində İƏT rəsmiləri ilə görüş olub
    • 25-05-2021, 15:43
    • 521

Gənclər və İdman Nazirliyində İƏT rəsmiləri ilə görüş olub

Bu gün Gənclər və İdman Nazirliyində nazir müavinləri İntiqam Babayev və Fərhad Hacıyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan, təşkilatın icraçı direktoru Rəsul Ömərov və İƏT Avrasiya regional mərkəzinin icraçı direktoru Elməddin Mehdiyevlə görüşüblər.
 
Nazirlikdən News24.az-a verilən məlumata görə, qonaqları salamlayan İntiqam Babayev ölkəmizlə İƏT arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olmasından danışaraq bildirib ki, 44 günlük Vətən müharibəsində ölkəmizin haqq səsini müdafiə edən beynəlxalq təşkilatlar arasında İslam Əməkdaşlıq Təşkilatının siyasi və diplomatik dəstəyini hiss etdik. Ölkəmizin İƏT-lə gənclər sahəsində əməkdaşlığının pandemiyadan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. İ.Babayev qonaqlara pandemiya dövründə gənclər siyasəti sahəsində görülən işlər barədə də məlumat verdi.
 
İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan nazir Azad Rəhimovun vəfatından kədərləndikllərini bildirdi. Qeyd etdi ki, A.Rəhimov təkcə Azərbaycanın deyil, bütün İslam Əməkdaşlıq Təşkilatında gənclər və idman siyasətində böyük xidmətləri olan insan idi.
 
Görüş zamanı qonaqlar Şuşa şəhərinin 2022-ci ildə İslam dünyasının gənclər paytaxtı elan edilməsi təşəbbüsü ilə İƏT qarşısında çıxış etmək arzusunda olduqlarını bildirdilər.
 
Nazir müavini Fərhad Hacıyev qeyd etdi ki, tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra həmin bölgədə yenidənqurma işlərinə start verilib. Yaxın gələcəkdə Şuşada, eləcə də Qarabağın digər şəhərlərində beynəlxalq gənclər tədbirlərinin təşkili mümkün olacaq.
 
Görüşdə təşkilatla ölkəmiz arasında əməkdaşlıq, eləcə də qarşıdakı mühüm tədbirlər barədə fikir mübadiləsi aparıldı və sonda qonaqlara xatirə hədiyələri təqdim edildi.