Lift  qəzasında sakinləri günahlandırdılar: "4 nəfərlik yerə 11 nəfər girəndə..." - VİDEO
    • 14-07-2018, 17:52
    • 1 787

Lift qəzasında sakinləri günahlandırdılar: "4 nəfərlik yerə 11 nəfər girəndə..." - VİDEO

Dünən axşam saatlarında Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 18 nömrəli binanın liftində qəza olub.

News24.az xəbər verir ki, bina sakinlərinin dediyinə görə, lift 14-cü mərtəbədən sürətlə aşağı düşərək şaxtaya çırpılıb. Qəzayə səbəb kimi, sakinlər liftin zəncirinin qırılmasını göstərirlər. Onların sözünə görə, hadisə zamanı liftin içərisində dörd nəfər olub.

Liftə nəzarəti üzərinə götürən "Aslift" qrupun rəsmi nümayəndəsi, hüquqşunas Vaqif Mirzəyev news24.az-a verdiyi açıqlamada bu fikirləri səsləndirdi: "Hadisənin baş verməsinin əsas səbəbi dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, sakinlərin bu məsələyə məsuliyyətsiz yanaşmasıdır. Biz yazıb liftin içərisinə və girişinə yapışdırmışıq. Liftdən 4 nəfərdən artıq adam istifadə edə bilməz. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, sakinlər sağlıqlarına qarşı çox laqeyid davranırlar. Qəzadan sonra ekspert qrupuyla araşdırma apardıq. Blokun girişində nəzarət kameraları var. Kameralardan  baxdığımızda qəza olduqdan sonra liftdən 11 nəfərin çıxarıldığını görürük. Bu insan məsuliyyətsizliyidir. Yaralananlar olsa da, ölüm yoxdur"-deyə qeyd edib. 

Sakinlərdən aldığımız məlumata görə, oxşar hadisə bir neçə ay öncə də baş verib. Hüquqşunasa ünvanladığımız "niyə tədbir görülməyib?" sualına, V. Mirzəyev biz "Aslift" qrup olaraq liftdə nəzarəti 2018-ci ilin yanvar ayında götürmüşük. Yanvar ayından bu günə qədər ilk dəfə belə hadisə yaşanıb, bu da bina sakinlərinin səhvidir"- deyə cavab verdi.

Bundan öncəki qəzanın şahidi deyir ki, hadisə bu ilin mart ayında olub. "Mən və ailəm də liftdəydik. Qorxu, həyəcan yaşadıq, mənim həyat yoldaşımdan başqa hamı hadisədən salamat qurtardı. Yoldaşımın qabırğaları sınıb. Bu günə qədər də tam sağalmayıb",- deyə hadisə şahidi bildirib.

Qeyd edək ki, bundan öncəki lift qəzasında da dəfələrlə sakinlərə xəbərdarliq edilməsinə baxmayaraq, həmin qəzada da 4 nəfərlik liftdən 7 nəfər istifadə edib. 

Müxbir: Elvin Nüsrətoğlu
Video: Nurlan Gülməmmədov