Qarabağda 318 tarix-mədəniyyət abidəsinə baxış keçirildi
    • 9-06-2021, 17:05
    • 613

Qarabağda 318 tarix-mədəniyyət abidəsinə baxış keçirildi

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilir və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsini həyata keçirir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən News24.az-a verilən məlumata görə, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 318 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 126 obyektin* (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. 
Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.  

Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. 

Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.