"Telefonlarımız susmur" - Restoranlarda TOY HƏYƏCANI
    • 22-06-2021, 17:59
    • 797

"Telefonlarımız susmur" - Restoranlarda TOY HƏYƏCANI

Bu gün Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.

Bununla da 1 iyul tarixində ölkə ərazisində müəyyən şərtlərə əməl etməklə toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. 
Əməl olunası şərtlər isə əsasən COVID-19 və ya İmmun passportunun olması, qonaq sayının 50-150 nəfər limiti, restoran işçilərinin maskadan istifadə və s. kimi qaydalar aiddir. 


News24.az Bakıda fəaliyyət göstərən restoranlarla əlaqə saxlayaraq 1 iyula hansı hazırlıqların aparıldığını və sifarişlərin olub-olmadığını soruşub. 

“Neolit” restoranın administratoru Emil bəy bu gün qərar açıqlanar-aşıqlanmaz toy günü təyin etmək üçün çoxsaylı müraciətlərin olduğunu deyib: “Onların hamısına COVID-19 pasportunun mütləq olması ilə bağlı məlumat vermişik. Çünki biz toya 5 gün qalmış qonaqların sayını icazə portalında qeyd etməliyik”.

"Romance Hall"-dan Rəhim bəy bildirib ki, səhərdən telefon zənglərinin ardı-arası kəsilmir: “Təxirə düşən toylar və yeni sifarişlərlə birgə 50-dən çox zəng qəbul etmişik. Qonaqların COVID pasportunu kimin yoxlayacağı ilə bağlı isə hələlik məlumatımız yoxdur. Restoran personalı vaksin olunacaq və maska taxacaqlar. Bura restoranın musiqiçiləri də daxildir. Menyunun qiymətinə gəldikdə isə hələlik bu haqda məlumatımız yoxdur. Hər şey ərzaqların topdansatış qiymətindən asılı olacaq”.

“Oskar” şadlıq sarayının inzibatçısı Əli bəy sualları cavablandıran zaman yanında müştərilərin olduğunu vurğulayıb: “Sifarişlərimiz çox, günlər isə məhduddur. İnsanlar toy həyəcanını və sevincini yaşayır. Zənglər dayanmır”.

“Hollywood” restoranının administratoru Nihat bəy isə səhər toylarla bağlı verilən qərardan sonra maraqlananların çox olduğunu, lakin  konkret qərar verib toy günü seçənlərin az olduğunu deyib: “Yəqin ki, restoran bazarı ilə maraqlanırlar. Pandemiyaya görə toy tarixləri qarışıb. Hazırda keçmiş sifarişçilər yaxınlaşıb gün dəqiqləşdirirlər. Hətta günlərini geri götürənlər də var. Menyularımızda isə əhalini nəzərə alaraq endirim etmişik. Misal üçün 80 manatlıq menyu 50 manatdır. Personalamız da artıq vaksinasiyadan keçib”.

“Elit Events Hall”-un rəhbəri Mahir bəy köhnə sifarişlər üçün gün təyin etdiklərini açıqlayıb: “Eyni zamanda da bu gün 15-dən çox yeni sifariş olub. Menyu qiymətlərimizdə isə adamların sayı az olduğuna görə dəyişiklik gözlənilir. Mütləq qiymət artımı olacaq. Ya gərək köhnə menyunu azaldaq, ya da menyunu eyni saxlayıb qiymətləri 30-40 faiz artıraq. Sabah əməkdaşlarımızla görüş keçİrib, onların sənəd və vaksin məsələlərini təcili həll edəcəyik”.

“Gilavar” şadlıq sarayının inzibatçısı Sahib bəy də hazırda il yarımdır toyları təxirə düşən müştərilərin zənglərini qəbul etdiyini bildirib: “Yeni sifarişlər də gəlir. Yerlə maraqlanırlar. Təxirə düşən10 toy üçün gün təyin etmişik. Çoxları ləğv olunub. 200 nəfərlik toyla bağlı müraciət edənlərə isə imtina cavabı veririk.”