“Bizim coğrafiyada sabitliyin əsas şərtlərindən biri də Rusiya-Türkiyə münasibətlərindən asılıdır”- İlham Rəhimov - MÜSAHİBƏ
    • 23-06-2021, 10:27
    • 1 949

“Bizim coğrafiyada sabitliyin əsas şərtlərindən biri də Rusiya-Türkiyə münasibətlərindən asılıdır”- İlham Rəhimov - MÜSAHİBƏ

"Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəm yoxdur, çünki mən Azərbaycan vətəndaşıyam"

"Mənə bu məsələ ilə bağlı bizim bəzi mətbuat orqanlarının mövqeyi məlumdur. Sizin vasitənizlə təklif edirəm ki, hansısa jurnalistlər bu işin təfərrüatını dəqiq araşdırmaq istəyirlərsə, buyursunlar, bütün xərclərini qarşılayıram, gedib aydınlaşdırsınlar". 

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a müsahibə verib. Onunla istər siyasi, istər hüquqi, istər elmi mövzuda həmsöhbət olmaq çox maraqlıdır. Bu səbəbdən də, onu nadir müsahib adlandırıram. Müsahibə üçün yaranan bu fürsəti də hərtərəfli dəyərləndirməyə çalışdım. 

Bütün dünyanın diqqətinin yönəldiyi Putinlə Bayden görüşündən tutmuş, Qarabağdakı sülhməramlılardan, Ərdoğanın tarixi Şuşa səfərindən, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyindən danışdıq. 

Professor İlham Rəhimovun 
müsahibəsinin II hissəsini təqdim edirik.  

Müsahibənin I hissəsi ötən gün dərc olunub - (https://news24.az/siyaset/64665)
 
- 44 günlük müharibədə qələbə qazansaq da, bəzi ərazilər - Xankəndi, Xocalı, Xocavəndin bir hissəsinə hələ də nəzarət imkanımız yoxdur. Bu ərazilərdə Azərbaycanın süverenliyinin bərpası ilə bağlı nə düşünürsünüz? Proqnozlarınız nədən ibarətdir?
 
- Təkrar edirəm, nə zaman sülhməramlılar oranı tərk edəcəksə, o vaxt. İndi faktiki olaraq razılaşmaya əsasən, sülhməramlılar oradadır və bütün səlahiyyətlər onların əlindədir. Bu barədə müsahibələrimin birində qeyd etmişdim və yenə də xatırladıram: Mən də o bölgədə sülhməramlıların olmasını istəmirəm. Hətta bu sözümə görə Rusiyada məndən inciyənlər də oldu. Rus xalqı çox gözəl xalqdır, böyük hörmətim var, orada təhsil almışam, çoxsaylı dostlarım var. Elitasında da bizdəki kimi millətçilər də var, sadə insanlar da. Amma onlara münasibətim nə qədər yüksək olsa da, mən azərbaycanlıyam. Özüm də istəyirəm ki, sülhməramlılar oradan tez çıxıb getsinlər. Amma istək ayrı şeydir, reallıq ayrı. Biz hazırda oturub düşünməliyik ki, həm Rusiya, həm Ermənistan, həm də o bölgədə yaşayan ermənilərlə münasibətimizi necə quraq ki, o şərait yaransın. Ruslar görsünlər ki, şərait yaranıb, biz də deyək ki, sizə yaxşı yol, çıxıb getsinlər. Bu saat bu barədə fikirləşmək lazımdır. Problem yaratmaq bizim ziyanımıza işləyəcək. Rusiya istəsək də, istəməsək də bizim şimal qonşumuzdur. Bütün dünya bilir, elə Baydenin özü də deyir ki, Rusiya güclü dövlətdir. Deməli, biz Rusiya ilə elə münasibət qurmalıyıq ki, bir müddətdən sonra özləri çıxıb getsinlər.
Biz Rusiyanın Cənub Qafqaz siyasətinə nəzər salarkən Ermənistan-Rusiya əlaqələrinin də mahiyyətini yaxşı başa düşməliyik. Ermənistanda Paşinyanın, Köçəryanın, ya da Sarkisyanın Baş nazir olmasının elə bir önəmi yoxdur. Onları heç zaman ruslardan ayırmaq mümkün olmayacaq. Ruslar da bunu çox gözəl başa düşürlər.
Bütün bunlar bizim gələcəyimiz üçün bizə nə deyir? Mənim fikrimcə, ermənilər 30-40 ildən sonra da Rusiyanın təsiri altında olacaqlar. Bu o deməkdir ki, ruslar həmişə onların arxasında dayanacaqlar. Biz gərək yaxşı düşünək, indi vəziyyət belədir, bəs 30 il, 40 ildən sonra nə olacaq? Deməli, bizim yeganə çıxış yolumuz Türkiyəyə geniş, dərin inteqrasiyadır. O vaxt mən bu barədə demişdim, indi görürsünüz ki, o inteqrasiya gedir. Bununla biz dünyaya da, ermənilərə də, elə Rusiyanın özünə də göstərmək istəyirik ki, qonşuyuq, çox gözəl, amma gələcəyimiz tək sizinlə yox, həm də öz qardaşlarımızladır. Bunu hamı bilməlidir. Artıq Rusiya da bunu qəbul edib. Mən onlarla bu mövzuda çox söhbətlər edirəm, bununla razılaşıblar və məsələnin belə olduğunu başa düşüblər. Türkiyəylə böyük, dərin inteqrasiya deyəndə, onu nəzərdə tutmuram ki, Azərbaycanda hansısa böyük konstitusiya dəyişikliyi olsun və ya bir dövlət kimi birləşsin. Söhbət dərin inteqrasiyadan gedir. Elə “Şuşa bəyannaməsi” həmin inteqrasiyanın böyük atributudur. Hazırda bu bizə həqiqətən də çox lazımdır.
 
- İlham müəllim, Ərdoğanın Şuşaya səfəri və burada Azərbaycanla Türkiyə arasında "Şuşa Bəyannaməsi"nin imzalanmasını bütün dünyaya, o cümlədən, Ermənistana açıq bir mesaj kimi qiymətləndirmək olarmı? 
 
- “Şuşa bəyannaməsi”nin iki ölkənin maraqlarına xidmət etməsilə bərabər, həm də regional əhəmiyyəti olduqca böyükdür. Bu bəyannamə bir tərəfdən yuxarıda qeyd etdiyim kimi ölkələrimiz arasında artıq qarşısı alınmaz prosesə çevrilən dərin inteqrasiyanın sübutudursa, digər tərəfdən bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nümayişidir. Lakin, bir məsələni də qeyd etmək lazımdır ki, bəzi siyasətçilər Türkiyənin regionda aktivliyinin, guya Rusiyaya qarşı yönəldiyi kimi qəbul edirlər. Bu, əslində belə deyil. Çünki Türkiyə-Rusiya münasibətləri bu gün çox yüksək səviyyədədir. Ən başlıca məsələ isə həm Türkiyə, həm də Rusiya regionda olan maraqlarını başa düşür, reallığı qəbul edirlər. Ümumiyyətlə, onu demək lazımdır ki, bizim coğrafiyada sabitliyin əsas şərtlərindən biri də Rusiya-Türkiyə münasibətlərindən asılıdır. Onlar arasında münasibətlərin yaxşı olması bir sıra problemlərin həllində pozitiv rol oynayacaq ki, bu da ilk növbədə bizim marağımızdadır.
 
- Ermənistanda iyunun 20-də keçirilən seçkilərin nəticəsini necə qiymətləndirirsiniz? Bəzi ekspertlər seçkilərdə Rusiyanin namizədinin məğlub olduğunu və bununla da onun Ermənistanda maraqlarına ziyan dəydiyini düşünürlər.
 
- Hesab edirəm ki, bu doğru mülahizə deyil. Ermənistandakı seçki prosesini diqqətlə izləsək görərik ki, Rusiya hakimiyyəti bu seçki prosesinə, ümumiyyətlə qarışmadı. Rusiyada yaşayan bəzi erməni əsilli şəxslərin seçki prosesində iştirakı hələ rəsmi Moskvanın mövqeyi demək deyildi. Bir faktı qeyd edim ki, əgər Rusiya Ermənistandakı daxili proseslərə müdaxilə etmək istəsəydi, bu müdaxiləni 2018-ci ildə, Paşinyan hakimiyyətə gələrkən edərdi. Rusiya postsovet ölkələrində cərəyan edən daxili proseslərə iki prinsipdən yanaşır: Birincisi, bu ölkələrin siyasəti onun milli təhlükəsizliyinə təhdid törətməsin. İkincisi, həmin ölkələrin maraqları Rusiyanın maraqları hesabına təmin edilməsin.
Ermənistanda seçkidən sonra nə baş verdi? Paşinyan ilk olaraq Rusiyaya təşəkkür etdi. Rusiya ilə gələcəkdə də bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcəyini bəyan elədi. Eyni zamanda, seçkiləri izləyən Rusiyanın və KTMT-nin müşahidəçilərinin seçkilər başa çatan kimi seçkilərin obyektiv keçirilməsi ilə bağlı verdikləri bəyanatları da mən deyəni təsdiq edir.
 
 - Bir sıra ekspertlər isə hesab edirlər ki, Rusiya 10 noyabrda imzalanmış üçtərəfli sazişin tam şəkildə həyata keçirilməsində maraqlıdır və bunun üçün Paşinyanın hakimiyyətdə olması lazımdır. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş versəydi, bu, Qarabağla bağlı razılaşmaların icrasına mane ola bilərdimi?
 
- Təbii, ola bilsin Paşinyan hakimiyyətə gəldiyi zaman özünü Rusiyaya qarşı bir az yekəxana apardı. Amma ruslar üçün indiki vəziyyətdə prinsip etibarı ilə kimin Ermənistanda hakimiyyətdə olması fərq etmir. Ona görə ki, əslində ruslar Türkiyənin Azərbaycanda möhkəmlənməsində maraqlıdırlar və istəyirlər ki, ermənilər bunu görsün. Çünki ermənilər görsələr ki, Türkiyə Azərbaycanda güclənir, məcbur olub kimdənsə bərk yapışmalı olacaqlar. Ermənilər gördü ki, Makron danışdı, amma bir şey eləmədi, Bayden heç məsələni qaldırmadı. O zaman kimdən yapışmalıdırlar, məhz Rusiyadan. Ermənistanda hakimiyyətdə kim olur-olsun, onlar ruslardan canlarını qurtara bilməyəcəklər. Görürsünüzmü, onların müdafiə nazirini əvəz edən şəxs gedib Şoyqu ilə görüşdü. Çünki bilirlər, ruslardan başqa onlara heç kim kömək etməyəcək. Psixoloji cəhətdən onlar artıq bunu qəbul ediblər. 
Hələ çar dövründən Azərbaycanda türkçülük yüksələn xətlə inkişaf edirdi, amma tarixi şərait buna imkan vermirdi. Hazırda isə ruslar görürlər ki, bunun qarşısını almaq qeyri-mümkündür. Açığını deyim ki, onlarla bir çox söhbətlərdə bunun qarşısını almağı belə düşünmədiklərini müşahidə etmişəm. Artıq ruslar özləri türklərlə böyük əməkdaşlığa gedirlər.


- Azərbaycanda əksər siyasətçilər hesab edirlər ki, seçkilərdə yenidən qələbə qazanmış Paşinyan bizim üçün daha məqbuldur. Bununla bağlı nə deyə bilərsiniz?

- Yəqin bu onunla bağlıdır ki, onun rəqibləri özlərini daha   aqressiv aparırdılar. Deyilirdi ki, Paşinyan qərbpərəstdir, onun rəqibləri isə Rusiya ilə daha sıx əməkdaşlığa tərəfdardılar.  Beləliklə, Paşinyanın qələbəsi Rusiya-Ermənistan münasibətlərində problem yaradacaq ki, bu da bizim marağımızla uyğun gəlir.
Bununla bağlı bir daha demək istəyirəm ki, Rusiyada və Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu ölkə həmişə Rusiya yönümlü olacaq. Tarix Rusiya ilə münasibətdə hələ də ciddi erməni separatizminə şahid olmayıb. Ermənilərlə ruslar asan dil tapa bilirlər. Eyni zamanda,  unutmayaq ki, Rusiya-Ermənistan münasibələri Rusiya-Türkiyə, Rusiya-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə sıx koordinasiya edilir. Bugünkü reallıqdan, məhz Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi Ermənistanda hər hansı bir hakimiyyətin qərbyönümlü olmasını istisna edir.

- Sizin uşaqlıq illəriniz Bərdədə keçib. Çox güman, Qarabağla bağlı çoxlu xatirələriniz də var. Bu xatirələri yenidən canlandırmaq üçün o torpaqlara getmisinizmi və ya yaxın zamanlarda getmək fikriniz varmı?
 
- Dediyiniz kimi, uşaqlıq və orta məktəb illərim Bərdədə keçib. Ona görə də, Qarabağda, Şuşada çox olmuşam. Məktəb illərində də idmanla məşğul olduğumdan tez-tez Şuşaya, “Cıdır düzü”nə yarışlara gedirdik. Mən Bərdəni, Ağdamı, Şuşanı Tovuzdan yaxşı tanıyıram. Qarabağın bütün rayonlarını gəzmişəm.
Əlbəttə, o yerlərə yenidən getmək istəyirəm. Amma hazırda bu imkan yoxdur. Elə bir imkan olan kimi məmnuniyyətlə gedəcəm.
 
- Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? Soydaşlarımıza qarşı baş verən neqativ hadisələr zamanı Azərbaycan diasporu mütəşəkillik nümayiş etdirə bilirmi? Yeri gəlmişkən, Rusiyadakı səfirliyimizin fəaliyyətindən də tez-tez şikayətlər edilir. Xüsusilə, sadə vətəndaşlar səfirliyi onların problemlərinə diqqət ayırmamaqda, hüquqlarını yetərincə müdafiə etməməkdə günahlandırırlar. Bu ittihamlar nə dərəcədə əsaslıdır?
 
- Bəzən mətbuatda mən də belə fikirlərə rast gəlirəm, elə hesab edirlər ki, diaspor təşkilatı ilə hansısa əlaqəm var, amma əslində bir əlaqəm yoxdur. Diaspor təşkilatında təmsil olunmaq üçün Rusiya vətəndaşı olmaq lazımdır, mənsə Azərbaycan vətəndaşıyam. Ona görə də, rəsmi qaydada diasporda heç bir fəaliyyətim ola bilməz. Təbii ki, bu gün Rusiyada diaspor təşkilatının vəziyyəti məni də qane eləmir. Lakin, düşünürəm ki, müvafiq qurumlar bu sahədə olan vəziyyəti dəyişməyə nail olacaqlar.
Sadəcə, orada bir problem olanda insanlar özləri mənə müraciət edirlər. O səbəbdən də hansısa hadisə baş verəndə reaksiyalar diaspor təşkilatı tərəfindən deyil, yalnız fərdi qaydada olur. Mənə də tez-tez fərdi müraciətlər olur, müraciət olmayanda da, məsələnin mahiyyətini biləndə özüm təşəbbüs göstərirəm. Məsələn, Moskvada 9-10 yaşlı bir qız uşağı buz üzərində xizəksürmə idmanı ilə məşğuldur. 44 günlük Vətən Müharibəsi dönəmində o qız Moskvada “Qarabağ şikəstəsi”nin sədaları altında yarışlara qatılırdı. Uşağın anası qızım Səbinəylə əlaqə yaradıb kömək istəyib. O uşağın anasından başqa kimisə yoxdur, bu işlə peşəkar məşğul olmaq və öyrənmək üçün ona xüsusi müəllim lazımdır. Biz bu işi öz üzərimizə götürdük.
 
- İlham müəllim, bu yaxınlarda Novosibirskdə azərbaycanlılara qarşı baş verən hadisə ilə bağlı Sizin də maraqlandığınıza dair mətbuatda məlumatlar verildi. Bu  məsələ ilə bağlı nə deyə bilərsiniz?
 
- Bu cinayət hadisəsi mənim diqqətimdədir. Təbii ki, mən bu hadisənin istintaq prosesinə qarışa bilmərəm. Lakin buna baxmayaraq, istintaqın gedişi ilə bağlı müəyyən məlumatlarım var. Qeyd edim ki, bu hadisəni törətmiş polis əməkdaşına qarşı cinayət işi başlanılıb və haqqında həbs qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Lakin cinayət istintaqı hələ davam edir. O ki, qaldı bizim iki həmyerlimizlə bağlı, bunları deyə bilərəm. Həqiqətən də mən qanunvericiliyin imkan verdiyi qaydada onlara qarşı həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş etmişdim. Prinsip etibarı ilə istintaqın ilkin vaxtlarında belə qərarın veriləcəyi istisna deyildi. Lakin, sonradan həmin şəxslərlə bağlı yeni hallar yarandı. Daha dəqiq desək, istintaq polis əməkdaşı ilə onların arasında baş verən məlum hadisəyə qədər həmin şəxslərin oğurluq hadisəsini törətmələrinə dair şahid ifadələri əldə etdi. Məhz bu fakt həmin şəxslərə qarşı həbs qəti-imkan tədbirinin dəyişdirilməsində imtinaya səbəb oldu.
Mənə bu məsələ ilə bağlı bizim bəzi mətbuat orqanlarının mövqeyi məlumdur. Mən elə sizin vasitənizlə təklif edirəm ki, hansısa jurnalistlər bu işin təfərrüatını dəqiq araşdırmaq istəyirlərsə, buyursunlar, bütün xərclərini qarşılayıram, gedib aydınlaşdırıb gəlsinlər. 
 
- Bu günlərdə Rusiya mətbuatında Moskvada azəbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulmasıyla bağlı xəbər dərc edildi. Axtarışların nəticəsindən xəbər varmı? Bu cür halların baş vermə səbəbi və səbəbkarı nə və kim ola bilər? Bunun kökündə Azərbaycan-Ermənistan münasibətləri dayana bilərmi?  
 
- (Bu sualı eşidərkən professor dərhal Moskvaya zəng edir və məsələnin təfərrüatını olduğu kimi öyrənir - red. Ü.Q). Eşitdiniz, dedilər anonim və yalan zəng imiş. Əgər anonimdirsə, ermənilər tərəfindən olunması istisna deyil. Demək olar ki, bu cür anonim zənglər vaxtaşırı olur. Özü də zənglər əksər hallarda digər ölkələrdən olunur.
 
-   İlham müəllim, Rusiya Türkiyə münasibətlərinin inkişafında Sizin də əməyinizin olduğu haqda məlumatlar var. Bu barədə nə deyə bilərsiniz?
 
- Mənim fəaliyyətimin əsas istiqaməti 20 ildir ki, Türkiyəylə Rusiya arasında olan münasibətlərin yaxşılaşdırılması yönündədir. O vaxtlar deyirdim ki, Qarabağ məsələsini həll etmək istəyiriksə, bu iki ölkə arasında isti münasibət olmalıdır. Təsəvvür edin, bu iki ölkənin münasibətləri bu müddətdə pis olsaydı, nə olardı? İndi bu dəqiqə elə qüvvələr var ki, münasibətlərin pisləşməsi üçün əllərindən gələn hər bir şeyi edərlər. Doğrudur, ruslarla türklər tarix boyu bir-biriləri ilə müharibə ediblər. Ancaq buna baxmayaraq, sovet hökuməti dövründə, Atatürkün dövründə Türkiyəni bir respublika kimi ilk tanıyan Rusiya olub. Hələ 1921-ci ildə Türkiyə Respublikası yaranmamışdı, ruslar türklərə həm maddi, həm də silahla kömək edirdi. 1921-ci ildə Lenin Türkiyəyə səfir göndərəndə ona belə bir tapşırıq vermişdi: “Bir şeyi yadınızda saxlayın, çar Rusiyası ilə Osmanlı İmperiyası arasında savaşlar olub, münasibətlər pis olub. Həmin o yaralar nə o tərəfdən, nə də bu tərəfdən hələ sağalmayıb, yaddaşlardan silinməyib. Ona görə də siz özünüzü orada çox təmkinli, səbrli, ehtiyatlı və diqqətli aparın. O millətə qarşı diqqətli olun və sübut etməyə çalışın ki, sovet hökuməti çar hökuməti deyil”. Yəni səfirə demişdi ki, sizin əsas vəzifəniz budur. Türklərlə rusların münasibəti hələ o dövrdən yaxşılıga doğru gedirdi. O səbəbdən də nə qədər çalışsalar da, elə Amerikanın özü münasibətlərin pisləşməsi və gərginləşməsini istəsə də, buna nail olmur. Çox gözəl ki, hər iki dövlətin ağıllı rəhbəri var. 20 il mənim əsas fəaliyyətim bu yöndə olub.
 
- İlham müəllim, Sizin fəaliyyətinizin əsas istiqamətlərindən biri də hüquq elmi ilə bağlıdır. Azərbaycanda və xarici ölkələrdə xeyli əsərləriniz nəşr olunub. Müəllifi olduğunuz “Din və cəza” kitabı bu günlərdə Azərbaycan dilində çap olundu. Kitabınızın başqa hansı ölkələrdə çapı nəzərdə tutulur?
 
- Yeni  çap edilmiş “Din və cəza” kitabını əlimdə tutarkan keçirdiyim hisslər mənim üçün həqiqətən də müqayisə olunmazdır. Bu kitab bu günlərdə Almaniyada da çapdan çıxdı. Hazırda İngiltərədə çapdadır. İngilis dilində çapı mənim öz təşəbbüsümlə oldu, amma Almaniyada nəşr olunması təşəbbüsü onlardan gəldi. Eyni zamanda, türk dilində də Türkiyədə çap prosesinə hazırlıq gedir.
Din elə bir mövzudur ki, bu hamını maraqlandırır. “Din və cəza”  yeni çap olunduğu üçün reaksiyalar hələ yoxdur. Kitabdan elmi işlərdə istifadə üçün mənə müraciətlər başlayıb. Bizdən fərqli olaraq, Avropa ölkələrində bu məsələlərdə müəllifə çox hörmət edirlər, icazəsiz istifadə etmirlər.
 
- Əgər Siz kitabınızda dinə müraciət etmisinizsə, bu o deməkdir ki, Siz inancıl birisiniz?
 
- Quranı, Tövratı, İncili və müxtəlif dinlərin mahiyyətini aydınlaşdıran dini kitabları həm ateist, həm də inanclı şəxslər öyrənə bilər. Lakin, insan öz təbiətinə görə inanclıdır.
 
- Siz ibadət edirsiniz?
 
- Ümumiyyətlə, hər bir insan ibadət edir. Hətta Allahı qəbul eləməyən belə. İnsanlar hamısı dünyada hansısa bir qüvvənin mövcud olmasına inanır, ona çətin zamanlarda kömək edəcəyini, günahlarının bağışlanmasını, ona qarşı ədalətsizlik edən şəxsin cəzalandırılmasını istəyir. Və bu istəklər, dualar eşidilə bilər... Sual olunur, kimin tərəfindən? Allah, təmiz qəlbdən, Allaha olan sevgidən gələn duaları eşidir. Məhz Allahın rəsulu-Məhəmməd Peyğəmbər bizə bunu öyrədir. 

- Müsahibəyə zaman ayırdığınız və dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. 

- Siz də sağ olun. 
 
Müəllif: Ülkər Qasımova 
Foto: Fərid Şabanov