Vərəmin ən çox yayıldığı rayonlar — SİYAHI
    • 6-11-2018, 15:00
    • 1 041

Vərəmin ən çox yayıldığı rayonlar — SİYAHI

"Ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm faktı müşahidə olunub. Xəstələrin 19 faizində uğursuz müalicə, 59 faizində uğurlu müalicə olub, 6 faiz xəstə isə sonrakı müşahidələrə gəlməyib"

Bunu Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı vərəm, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə vərəmin gecikmiş forması aşkarlanıb.

H.Qədirova, həmçinin qeyd edib ki, keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub: "Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən də 11-i ölüb".

İnstitut direktoru əlavə edib ki, vərəmlə xəstələnmənin ən yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda qeydə alınıb: 
"Uşaq və yeniyetmələr arasında isə Yevlax, Xızı, Bərdə, Saatlı və Mingəçevirdə yüksək xəstələnmə göstəriciləri olub. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81% təşkil edib. Yalnız dörd rayonda - Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 % aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 %-dən az olub".

//Oxu.az