“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verildi
    • 29-06-2021, 12:34
    • 442

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verilib.

News24.az xəbər verir ki, 22 iyul - Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin rəqəmsal xidmətlər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir. Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb. 

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq: 

-  Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlərdə İKT sektorunda son trendlər, elektron dövlət layihələri, elektron xidmətlər haqqında ətraflı məlumat veriləcək. Birinci və ikinci dalğadan fərqli olaraq, üçüncü dalğa çərçivəsində keçirilən təlimlər vebinar deyil, seminar formatında təşkil olunacaq.   

-  Proqramın ikinci mərhələsində təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar seçilmiş mövzular üzrə real məsələlərin araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar. 

Müsabiqə üçün 2200 AZN məbləğində mükafat fondu təyin olunub. I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı əldə edəcək.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

29 iyundan etibarən proqramda iştirak üçün qeydiyyat başlayıb.

Son müraciət tarixi  6 iyuldur. 

Aşağıdakı linkdən ətraflı məlumat almaq və proqrama müraciət etmək mümkündür:

https://www.digital.gov.az/digitalazerbaijan/webinars/4/reqemsal-jurnalistikaya-dogru-proqrami-3 

Qeydiyyatdan uğurla keçmiş və münsiflər heyəti tərəfindən seçilmiş namizədlərə proqrama seçildikləri və digər məlumatlar barədə e-mail və telefon üzərindən məlumat veriləcək. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edilə bilər.

İndi qeydiyyatdan keçin, rəqəmsal biliklərinizi bizimlə inkişaf etdirin!