“Azərbaycan Macarıstanla parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir” - Sahibə Qafarova
    • 30-06-2021, 11:32
    • 662

“Azərbaycan Macarıstanla parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir” - Sahibə Qafarova

İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Macarıstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ölkəmizlə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki bu səfərin parlamentlərarası münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirib.

Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisdə Macarıstanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Spiker Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA - parlament ölçüsü də daxil olmaqla Türk dünyası ilə artan əməkdaşlıq tendensiyasından məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz arasındakı qarşılıqlı dəstək və tərəfdaşlıq ölkələrimizin mövqelərinin möhkəmlənməsinə xidmət etməyə davam edəcək.

Milli Məclisin Sədri Macarıstan hökumətinə, macarıstanlı deputatlara 44 günlük Vətən Müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Sonra görüşdə dostluq qruplarının üzvləri - Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin komitə sədri Ziyafət Əsgərov, deputatlar – Kamilə Əliyeva, Asim Mollazadə, Elman Nəsirov, Macarıstan tərəfindən Pal Zsigmond-Barna, Csaba Gyüre, Laszlo B. Nagy, Gergely Farkas və Zsolt Csenger çıxış edərək ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında rolu və digər məsələlər haqqında fikirlərini bölüşüblər.