DSX sərhəddə qaçaqmalçılığın qarşısını alıb
    • 19-07-2021, 12:16
    • 516

DSX sərhəddə qaçaqmalçılığın qarşısını alıb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitə­lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd zastavaları “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazilər qapadılmış, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülmüşdür.

Sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışlar.

Keçi­ril­miş axtarış təd­birləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.