Evdə toy edib karantin qaydalarını pozanlar cərimələndi
    • 22-07-2021, 16:38
    • 481

Evdə toy edib karantin qaydalarını pozanlar cərimələndi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Cardam kəndi ərazisində İsrail İsmayılova, Eymur kəndində Tofiq Musayevə məxsus yaşayış ünvanlarında keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin ev sahibləri ilə izahedici söhbətlər aparılıb və barələrində cərimə protokolları tərtib olunub.

Qarağan kənd sakini Əli İsmayılova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində də karantin rejimindən irəli gələn qayda və tələblər pozulduğu üçün toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.