I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
    • 27-07-2021, 10:16
    • 568

I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

İyulun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən News24.az-a bildirilib ki, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi - 19184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17 min 159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır. 16 min 591 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2327 nəfər əvvəlki illərin məzunudur. 15 nəfər ali təhsil müəssisələrinin, 251 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 96 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Xatırladaq ki, iyulun 28-də IV ixtisas qrupu ilə yanaşı, I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin digər hissəsi (9421 nəfər) də iştirak edəcək.