DİM dövlət qulluğuna qəbul üzrə əsas dəyişiklikləri açıqladı
    • 4-08-2021, 14:30
    • 386

DİM dövlət qulluğuna qəbul üzrə əsas dəyişiklikləri açıqladı

Dövlət İmtahan Mərkəzi “Dövlət qulluğu haqqında” qanununa əsas dəyişikliklər barədə məlumat yayıb.

News24.az həmin dəyişiklikləri təqdim edir:

- Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından təyinat aparılarkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda isə ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcəkdir.

- Dəyişikliklərə əsasən dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən ediləcəkdir.

- Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında müəyyən ediləcək.

- Dövlət qulluğu sertifikatı tətbiq edildiyi tarixədək (2017-ci ilədək) dövlət qulluğuna qəbul edilmiş şəxslər daha yüksək vəzifəyə iddia etdikdə həmin şəxslər də müvafiq sertifikat almalıdırlar.

- Dövlət orqanlarında ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər Mərkəzin təqdimatı əsasında digər dövlət orqanlarında analoji vəzifələrə təyin edilə bilərlər.

- Ümumi və daxili müsahibədən keçmiş lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və analoji vakant vəzifə olduqda həmin vəzifəyə təyin edilirlər.

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında elan edilmiş daxili müsahibələrdə iştirak edə bilərlər.

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarında şöbə müdiri, rəhbərin müşavir və rəhbərin köməkçisi vəzifələri üzrə dövlət qulluğuna qəbul yalnız daxili müsahibə əsasında aparılacaq və həmin vəzifələr üzrə sertifikat tələb edilməyəcək. Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə vəzifələrin tutulma şərtlərinə uyğun olan bütün namizədlər iştirak edə biləcəklər. Eyni zamanda,həmin vəzifələr üzrə müsahibə komissiyanın tərkibi yalnız vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndələrindən ibarət formalaşdırlacaq.

- Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanları Mərkəzin saytında veriləcəkdir. Namizədlər müvafiq vəzifələr üzrə saytdan qeydiyyatdan keçə bilərlər.

- İnzibati dövlət qulluğu vəzifəsinin tutulması üçün müəyyən edilmiş təhsil tələbi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq edilən) azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak edəcəklər. Həmin şəxslərdən sertifikat tələb edilməyəcək.

- Edilən dəyişikliklə dövlət qulluğunun xüsusi növündə xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçən və ya azı 5 il qulluq keçmiş şəxslər də ümumi müsahibədə iştirak edə biləcəklər.

- Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq illəri dövlət qulluğu stajına və dövlət qulluğunda qulluq müddəti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bununla da xüsusi növdə qulluq dövlət qulluğu stajı hesablanarkən və pensiya təyin edilərkən nəzərə alınacaq.

Qanunvericiliyə edilmiş dəyişikliklər barədə suallarınız olduqda [email protected] e-mail ünvanına göndərə və ya Mərkəzə rəsmi müraciət edə bilərsiniz.