"Bütün məlumatlar internetdə var"- Vüqar İskəndərov FAKTLA CAVAB VERDİ- FOTO
    • 6-08-2021, 15:22
    • 1 068

"Bütün məlumatlar internetdə var"- Vüqar İskəndərov FAKTLA CAVAB VERDİ- FOTO

Toxunulmazlığı ləğv edilərək barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən deputat Eldəniz Səlimovun Dağıstan Dövlət Universitetindən aldığı diplomun saxta olması ilə bağlı xəbərdən sonra parlamentin daha bir üzvünün təhsil sənədinin qeyri-qanuni olduğu iddiası yayılıb. 

Söhbət Milli Məclisin 113 saylı seçki dairəsindən seçilmiş deputat Vüqar İskəndərovdan gedir. Onun 1996-cı ildə Gürcüstanın Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsində qiyabi təhsil aldığı, həmin institutin isə Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında yer almadığı qeyd edilir. Bundan başqa, V. İskəndərovun hərbi xidmətdə olmadığı da iddia edilir.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən xəbərlərlə bağlı deputat V. İskəndərovla əlaqə saxlanılıb. O bildirib ki, 1991-ci ildə Moskva şəhərində əsgərlikdə olub: "1992-c ilin sonunda hərbi xidmətdən qayıtmışam. Hərbi xidmətdə olmasaq, Milli Məclisdə nə işimiz var? Bunlar açıq məsələlərdir".


Deputat təhsili ilə bağlı xəbərlərə də münasibət bildirib. O, diplomlarının təsdiq edildiyini bildirərək sənədləri göndərib: "Laqodexidə Dövlət İnstitutunun hüquq fakültəsini qiyabi bitimişəm. 2011-ci ildə diplomum Təhsil Nazirliyi tərəfindən tanınıb.

İkinci təhsilimi Dövlət Aqrar Universitetində iqtisadiyyat ixtisası üzrə almışam. Həmçinin 2008-ci ildə bir aylıq Amerika Birləşmiş Ştatlarının San-Diyeqo şəhərində siyasət kursunu bitirmişəm. Orada vaxtın idarə olunması, liderlik, fəaliyyətin planlaşdırılması üzrə beynəlxalq təlim keçmişəm". 

Qeyd edək ki, V. İskəndərov VI çağırış parlamentin Yeni Azərbaycan Partiyasından seçilmiş üzvüdür və 1 ildir ki, deputat kimi fəaliyyət göstərir.