Baş Prokurorluğun əməkdaşları “Nizaminin süjet və obrazları” adlı sərgidə oldu - Foto/Video
    • 11-08-2021, 14:38
    • 492

Baş Prokurorluğun əməkdaşları “Nizaminin süjet və obrazları” adlı sərgidə oldu - Foto/Video

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq, yaradıcı və innovativ potensialının inkişaf etdirilməsini dəstəkləmək məqsədilə prokurorluq orqanlarında kompleks tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Respublika Baş Prokurorluğu tərəfindən milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də xüsusilə diqqət mərkəzində saxlanılır.

Həyata keçirilən bu tədbirlərin davamı olaraq, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində cari ilin 10-11 avqust tarixlərində Heydər Əliyev Mərkəzində hazırda nümayiş etdirilən “Nizaminin süjet və obrazları” adlı sərgisinə koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq prokurorluq əməkdaşlarının qruplar şəklində ziyarəti təşkil olunub.

İştirakçılara məlumat verilib ki, Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərlərinin nümayiş olunduğu sərgidəki eksponatlar Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. 

Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən sənət nümunələrini izləməklə şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanan ziyarətçilər Sərgidən zəngin təəssüratlarla ayrılıblar.