Vəzifəli şəxsdən pul tələb edən “jurnalistlər” saxlanıldı
    • 11-08-2021, 17:40
    • 413

Vəzifəli şəxsdən pul tələb edən “jurnalistlər” saxlanıldı

Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan, onların haqlı narazılıqlarına səbəb olan və bu yolla qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi - Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.     

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin 24 dekabr 2012-ci il tarixdə “Youtube” üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə  RİH-nin vəzifəli şəxsindən  hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. 

Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmışlar və Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli şəxs qismində tutulublar. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.