-
- 18-08-2021, 14:32
- 457
Məktəb direktorunun cinayət işi məhkəməyə göndərildi
Xəbər verildiyi kimi, Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın qanunsuz hərəkətləri ilə bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Lənkəran rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış istintaqla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməsinə, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynəb Əhmədovaya Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.