-
- 24-08-2021, 11:10
- 2 794
Fateh Sultan Mehmedin Azərbaycanda unudulan heykəli- Ömər Eldarovla MÜSAHİBƏ
Düşüncə, ruh və yaradıcı ağrılardan doğulan hər iş sənət əsəridir. Onunla söhbətimiz, emalatxanada gördüklərimiz bu qənaəti bir daha təsdiqlədi.
Daşlarla həmsöhbət olmaq, onlarda insanı canlandırmaq istəyirsənsə, mütləq buranın həm tozunu, həm də yaradıcı havasını ciyərinə çəkməlisən.
93 illik ömründə onun yapdığı bütün heykəllər məhz belə ərsəyə gəlib.
Qəhrəmanlarının ovqatını - tünlükdəki yalnızlığını, yasaqlara etirazını, nigarançılığını, qorxusu, sevincini əks elətdirmək üçün daşlarla dil tapmağı, onları hiss eləməyi bacarmalısan. Mifoloji obrazdan real qəhrəmanadək yaratdığın hər sənət əsərinin xəyalındakı surəti sənin yol göstərənin olmalıdır. Kəsəsi, hər əsərin öz tarixçəsi, öz ruhu var.
News24.az-ın bu dəfəki həmsöhbəti Azərbaycanın Xalq rəssamı, heykəltaraş, Rəssamlıq Akademiyasının prezidenti Ömər Eldarovdur:
- 93 yaş üçün, göz dəyməsin, çox qıvraqsız, Ömər müəllim. Kənardan belə görünür, bəs, siz özünüzü necə hiss edirsiz?
- ( Gülür) Yaxşıyam, daha doğrusu, yaxşı olmağa çalışıram. Amma yaş öz sözünü deyir.
- Emalatxananız çox gözəldir. Gününüzün çoxunu burda keçirirsiniz, deyəsən?
- Bəli, amma bura təkçə emalatxana deyil. Buranı özüm tikmişəm, 4 mərtəbədir. Yuxarıdakı mərtəbələrdə evim, kitabxanam var. Yəni, elə burda yaşayıram. Özüm öz pulumla tikmişəm.
- Bu böyük evdə tək yaşayırsız? Çətin olmur sizə?
- Hə, indi tək yaşayıram, amma mənə baxan bir qız var. Yeməyimi, dərmanlarımı verir. Əslində, həkimlər də tək qalmağıma icazə vermir. Deyir, mütləq yanınızda kimsə qalsın. Hər an nəsə ola bilər. Yaşım çoxdur axı...Neçə illərdir burda yaşayıram, qoy deyim sizə.... (Yadına salmağa çalışır...) Xatırlaya bilmirəm, bu illət koronaya yoluxandan yaddaşım tamam itib. Uşaq kimiyəm, bəzi şeyləri yada salmaq üçün çox fikirləşməli oluram. Ağır bəladır. Dəhşətli olan virus deyil, onun adamın yaxasını buraxmamasıdır. O yaddaşa, nəfəsə, hər şeyə təsir edir. Nəfəsi bir təhər həkimlər düzəltdilər, amma yaddaşsızlıq məni öldürür. Bu bəla adamın canından tam çıxmır, fəsadı qalır.
- Peyvənd vurdurmusuz?
- Hə. Vurdurmuşam, ayın 31-i də ikinci dozanı da vurduracam. Heç bir pis reaksiyası olmadi.
- Pandemiya təkcə sağlamlığımıza yox, sosial həyatımız, təhsilə də təsir göstərdi. Bəs, rəhbərlik etdyiniz Rəssamlıq Akademiyası bu çətin dövrü necə keçirir?
- Bilirsiniz, bu onlayn dərs deyirlər ha, bu, bizə yaramır. Çünki bizim tələbə gərək gillə, rənglə, karandaşla işləsin. Yaradıcı mühitdə, canlı ünsiyyətdə olsun. Biz akademiyada bu mühiti yaratmışıq. Düzdür, karantin üçün nə tələb olunursa, onların hamısını eləmişik. Amma bizdə siniflər çoxdur. Bu baxımdan işimiz xeyli geriyə düşdü. Canlı dərsin yerini heç nə verə bilməz.
Bu problem mənim də işlərimə təsir elədi. Həm xəstələndim, həm də karantin qadağaları işimi geri saldı. Arif Məlikovun ailəsinə söz vermişdim ki, onun abidəsini hazırlayacam. Həyat yoldaşı Esma xanıma demişdim ki, siz istədiyiniz kimi olacaq. Amma heykəli görmək ona nəsib olmadı, rəhmətə getdi...
İndi nəvəsi ilə əlaqə saxlayıram. Lazım olan materialları o mənə gətirir. Arxiv fotoları, disklər verir. Abidənin yerini də seçmişəm. Layihə demək olar ki, hazırdır. Çox az iş qalıb.
- Abidəni harda qoyacaqsız?
- Konservatoriyanın sağ tərəfində kiçik bir meydança var, orda olacaq.
- Niyə kiçik?
- Çünki abidəni “kamernıy skver” də işləyirəm. Yığcam, amma mürəkkəb və anlamlı...
- Yanılmıramsa, yarımçıq qalan işlərinizdən biri də Müslüm Mağomayevin heykəlidir. Demişdiniz o heykəl Kukla Teatrının arxasında, dənizin fonunda qoyulacaq. Amma nədənsə hələ də qoyulmadı...
- Maqomayevin heykəli hazırdır. Yəni məndən asılı olan hər işi görmüşəm. Amma heykəlin qoyulması üçün heç kim pul vermək istəmir. İnşaat işləri qalıb. Heykəl tuncdan tökülüb, di gəl, maliyyə yoxdur. Biz fikirləşirik, bəlkə Heydər Əliyev Fondu bu işdə bizə dəstək verər.
- Axı, belə məsələlərə Mədəniyyət Nazirliyi baxır?
- Gərək onlara pul ayrılsın ki, onlar da bizə versin. Ya Nazirlər Kabineti, ya da Fond pul ayırsa, yaxşı olar.
- Bəs, bu işi dövlət sifarişi ilə hazırlamamısız?
- Mən heykəl üçün ayrılan pulu almışam, işimi də görmüşəm. Hətta Sinyavskaya ilə də danışmışam. Söhbət inşaat üçün pul ayrılmasından gedir.
- Sizin Beşbarmaq dağında da Koroğlunun heykəli ilə bağlı ideyanız vardı. Onun aqibəti necə oldu?
- Hə. Mən çox istəyirdim, amma alınmadı. Layihəni də hazırlayıb təqdim elədim, amma hələ ki, bir xəbər yoxdur.
- Burda bir heykəl də gördük. At üstündə cəngavər, bu kimin heykəlidir?
- Bu heykəli mənə İstanbul meri sifariş vermişdi. Fatih Sultan Mehmedin heykəlini yaratmağımı istədi. Bunun üçün pul da almışam, düzəltmişəm. Layihə tam hazırdır. Amma sonra həmin meri işdən çıxardılar, ordakılar da bu sifarişi unutdu.
- Daşı heykələ çevirmək necə prosesdir? Fikir formanı yaradır, yoxsa əksinə?
- O baxır yaradacağın heykələ, onun sifariş verən adamın istəyinə. Əgər sifarişdirsə, onun istəyini nəzərə alıram. Sözsüz ki, mənim də öz tövsiyələrim, təkliflərim olur.
Amma hər tanınmış insanın heykəlini hazırlamadan öncə təsəvvürümdə onun simasını, cizgilərini çızıram. Məsələn, Natəvanın heykəlini öz təsəvvürümdəki kimi yaratdım, sonra sifarişçiyə təhvil verdim.
- Bakıda elə yerlər varmı ki, orda olanda kiminsə heykəlini “görürsünüz”?
- Var, əlbəttə. Natəvan, üç ildən- 63-cü ildə Füzuli, daha sonra Hüseyn Cavidin heykəllərinin yeri çox düzgün seçilib, şəhərin ən gözəl guşələrindədir. Balaca əsərlərim də var. Bu əsərlərin hər biri şəhər üçün hadisə olub. Həmişə çalışmışam ki, yaratdığım hər əsər bir tarix, bir hadisə olsun. Yəni “qaloçka” xatirinə iş görməmişəm heç vaxt.
- Sovet dönəmindən bu vaxtadək bir çox tanınmış insanların heykəlini yaratmısınız. Sonradan onlardan hansınısa düzəltdiyiniz üçün peşman olmusuz?
- Yox, xatırlmıram. Demirəm, hamısı sənət əsəridir. Amma kaş ki, yaratmazdım dediyim işim olmayıb.
Hamısını ürəyimlə, bütün gücümlə iləmişəm. Yəqin elə buna də Heydər Əliyev o zaman mənim işlərimi bəyənmişdi. Ona ilk dəfə Hüseyn Cavidi göstərmişdim. Layihəm o zaman onun üçün gözlənilməz oldu. Bu, ümumiləşdirilmiş bir obraz idi. Cavidin heykəlində 37-ci ildə repressiya qurbanı olanların yaşantısını canlandırmışam.
- Heydər Əliyevin də dəfələrlə heykəlini yaratmısız. Hətta deyəsən, ilk heykəlini sağlığında hazırlamısız. Bəs, ilk dəfə öz heykəlini görəndə onun reaksiyası necə oldu?
- Onun birinci əsərini Naxçıvanda hazırlamışam. Çünki ora onun doğma yeri idi. Gərək, mütləq orda ona aid nəsə olmalıydı. O zaman Siyasi Büronun üzvlərinin hamısının heykəlləri qoyulurdu. Suslovun və başqalarının...
O vaxt mənə təklif olunanda dedim, əvvəlcə gərək yeri təyin edək. Naxçıvana getdik. Mənə dedi ki, sən harda təklif eləsən, heykəl orda olacaq.
Mən də dedim, Möminəxatun məqbərəsinin yanından yol gedir, yolun sonunda bir mənzərə görünür. Dağlar, çay, təbiət... Dedim qoy, bu mənzərə heykəlin fonu olsun. Çünki heykəl çox böyük deyildi. Fikirləşdim ki, həmin mənzərə onu böyüdəcək.
Sonra komissiya gəldi, Rafael Allahverdiyev köməkçi idi, sonra Bakının meri oldu.
Rafael dedi, Möminəxatuna gedən küçədə olsun. Dedim, nöş burda? Olmaz! Siz gələcəksiz, o dəqiqə abidəni görüb qayıdcaqsız. Amma abidəyə qədər bir qədər yol uzanmalıdır.Çünki onda abidə əzəmətli, daha sanballı olacaq. O dedi, mən bunu Heydər Əliyevə necə deyəcəm? Sonra özüm bu haqda izahat verdim. Naxçıvandan sonra sağlığında başqa yerdə heykəlinin qoyulmasına icazə vermirdi. Hətta mən deyəndə də əsəbləşirdi. Deyirdi, demişəm lazım deyil, qurtardı! Sovet vaxtında qərar olub, qoymuşuq. Daha lazım deyil. Amma dünyasını dəyişəndən sonra İlham Əliyev məni çağırdı. Məzarüstü heykəlin harda, necə olacağını müəyyən etdik.
Yeri gəlmişkən, Zərifə xanım üçün də qəbirüstü abidəni mən düzəltmişəm. Tuncdandır.
Sizə bir şey deyim, tunc elə bir materialdır ki, qaldıqca dəyəri yüksəlir. İnsanların çoxu bilmir ki, onun üstündə illərlə yaranan səht, təbəqə (patina) onu qiymətli edir.
Bir dəfə bir nəfər çardaqdan tunc şamdan tapıb. Onu əntiq əşyalar mağazasına aparıb. O şamdana çox yüksək qiymət təklif ediblər, razılaşmayıb. Şamdanı evə gətirib və üstünü şkurkalayıb parıldadıb. Səhər yenidən həmin mağazaya aparıb. Orda alıb baxıb bir kənara atıblar ki, daha bu heç nəyə lazım deyil. Deməyim odur ki, tuncun dəyəri üstündə zamanla yaranan səhtdədir. Həmin o “patina” onun qədimliyini göstərir. Həm də o səthin özünəməxsus, yaşıla çalan rəngi, gözəlliyi var. Biz çoxumuz onu dərk eləmirik.
Bir dönəm Azərbaycanda da belə bir şey olmuşdu. Bir neçə tunc heykəlin səthini, üz qatını təmizləmişdilər. Olmaz! Belə heykəllərin üstü yalnız yuyulmalıdır, vəssalam. Səthinə toxunmaq olmaz.
- Ən çox yaratdığınız hansı əsər ürəyinizcədir?
- Yəqin ki, Natəvan. Birinci ona görə ki, o, ilk işimdir. Əvvəl heykəl kimi işlədim, sonra abidə oldu. Ənvər İsmayılov vardı. O həmin heykəli emalatxanamda gördü. Dedi, mən şəhərdə o heykələ yer seçim, abidə qoyaq. Bizim ali Sovetin Rəyasət heyətinin sədri o zaman Mirzə İbrahimov idi. Ənvər İsmayılov ona deyib ki, gedin, o heykələ baxın. Baxdılar, sonra da abidə olmasına qərar verildi.
Natəvanı şəkildən baxıb hazırlamışam, təbii ki, natura yox idi. Əlimdə cəmi ikicə şəkıl vardı, birində uşaqları ilə, o birində tək. Mən o fotonu gördüm, şəkil diqqətimi çəkdi. Şəkilin əslini axtarıb Əlyazmalar İnstutundan tapdım. O fotoda Natəvan çox kədərlidir. Həmin şəkil Natəvanın həyat yoldaşı öləndə çəkilib, general Xasay xan Usmiyev. Natəvan onu itirdiyi üçün belə kədərli olub. Mən o əsəri hazırlayanda Natəvanın nəvəsi Leyla xanım Usmiyeva ilə tanış oldum. Ləzgi qızlarına oxşayırdı. Çox gözəl xanım idi. Natəvanla bağlı həddən artıq çox məlumat vermişdi mənə.
Bir sözlə, bu əsər mənim yaradıcılığımda ən önəmli işlərdən biridir.
- Ən çox vaxt ayırdığınız əsər hansı olub?
- Baxır hansı anlamda. Burda gərək əsər həm məni, həm də sifarişçini qane etsin. Məncə, ən mürəkkəb işim Heydər Əliyevin qəbirüstə abidəsi olub. Onu bir ilə hazırladım. Bir saniyə belə gecikmək olmazdı. Çünki Fəxri Xiyaban hər gün ziyarətçilərlə dolu olurdu. Çox məsuliyyətli iş idi.
- Bu heykəllərdən hansına görə ən yüksək qonorar almısız, sirr deyilsə, məbləğ nə qədər olub?
- Düzünü deyim, xatırlamıram. Yəqin ki, ya Natəvan, ya da Füzuli.
- Tağıyevin heykəlini hazırlamaqdan niyə imtina elədiniz?
- Mən o prosesdə iştirak elədim, amma bilirdim, o əsəri mənə verməyəcəklər. Çünki verilən yer çox balaca idi. Düzünü deyim, özümün də istəyim yox idi. Bilirəm o çox böyük insan olub, Azərbaycan üçün çox iş görüb. Amma o əsəri hazırlamaq ürəyimdən gəlmirdi.
- İmtina elədiyiniz başqa əsərlər olub?
(Davamı olacaq)
Yazının davamının anonsu:
“Kriminal avtoritetin qardaşı əlində şəkillərlə qapıma gəlib dedi ki…”
“Dedim, əgər rektor o olacaqsa, mən istefa vermirəm, çünki qurduğum işi dağıdacaq”
“Tahir Salahov məni o həddə çatdırdı ki, əsəbdən ağzım əyildi…”
“Həyat yoldaşımı çox sevirdim, amma qalmaqalsız günümüz olmayıb”
Rəna CUMAQIZI
Sevda BAYRAMOVA
Foto: Hüseyn HƏSƏNOV