-
- 25-08-2021, 16:05
- 509
Yalnız bu halda Türkiyə və Azərbaycan Ermənistanla SÜLH DANIŞIQLARINA gedə bilər - ŞƏRH
“Paşinyan hökumətinin Türkiyə ilə yaxınlaşması, qərbyönümlü siyasətə meyillənməsi və ya Rusiyadan uzaqlaşması ilə bağlı səsələnən fikirlər, iddialar planlı şəkildə ortaya atılır. Bu fikirlər daha çox Rusiyanın təsir və təzyiq imkanlarını daim Ermənistanın üzərində saxlaması üçün dövriyyəyə buraxılır”.
Bunu News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Politoloq Paşinyanın Türkiyəyə meyillənməsi ilə bağlı yayılan düşüncələrə belə şərh verib: “Düzdür, Ermənistan hökumətində Türkiyə və Azərbaycanla yeni münasibətlər qurmaq planı var. Ancaq bunu nəyin hesabına edəcək? Əsas sual budur. Ermənistan dövləti bəzi havadarlarının təhriki ilə Qarabağ problemini yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri üçlüyü çərçivəsində müzakirə predmeti olaraq görür. Hansı ki, bu, absurd məsələdir. Çünki Qarabağ problemi artıq Ermənistanın məsələsi deyil. Bu məsələ heç bir halda Ermənistanla müzakirə oluna bilməz. Azərbaycan öz torpaqlarını azad edib və hər hansı bir statusdan söhbət gedə bilməz. Qarabağda yaşayan Ermənilərin Azərbaycana inteqrasiyasından söhbət gedə bilər. Bunun isə Ermənistana aidiyyəti yoxdur.
Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərdə maraqlı olması üçün qoyduğu şərt budur ki, dəhliz söhbəti olmadan kommunikasiyalar açılsın və sərhədlərin müəyyənləşməsi prosesində xarici qüvvələrin müşahidəsi və müdaxiləsi fonunda proseslər icra edilsin. Bu isə Azərbaycan üçün arzuolunan bir durum deyil. 10 noyabr bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsi var. Doğrudur, orada “Zəngəzur” sözü yoxdur. Naxçıvanla Azərbaycanı birləşdirəcək ərazinin Rusiyanın xüsusi xidmət orqanları nəzdində sərhəd qoşunlarına tapşırılması qeyd olunub. Yəni Ermənistanın nəzarətindən çıxarılıb Rusiyaya verilirsə, bu, dəhliz deməkdir. Nikol Paşinyan insanları bu qədər küt hesab edir ki, sənəddə dəhlizlə bağlı ifadənin olmadığını iddia edir? Bu sənəddə birmənalı olaraq dəhliz nəzərdə tutulub”.
Natiq Miri vurğulayıb ki, delimitasiya və demarkasiya məsələləri başa çatmadan Azərbaycan hər hansı bir sülh müqaviləsindən danışa bilməz: “Buna görə də, Paşinyanın bəyanatları absurd olmaqla yanaşı yalan və növbəti bir hiylədir.
Türkiyə isə Azərbaycanın qəbul etmədiyi şərtlər çərçivəsində hər hansı bir kommunikasiyanın açılmasında iştirak etməz. Əgər ortada səmimi niyyət yaranarsa, Rusiyanın iştirakı olmadan belə Paşinyan Azərbaycanla təkbətək danışa bilər. Belə olan halda hər iki ölkə strateji qərar verə bilər”.
Siyasət şöbəsi