-
- 30-08-2021, 15:54
- 517
Binə qəsəbəsində avtobus dayanacağında qadına hücum edildi - Hadisə anından Video
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.
Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.
Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.