-
- 1-09-2021, 14:48
- 627
DİN deyir YOXLANILMALIDIR, supermarketlərin rəhbərləri isə GÖSTƏRİŞ ALMADIQLARINI bildirdilər
1 sentyabrdan etibarən ölkədə karantin qaydaları ilə bağlı yeni qadağalar başlayıb. Yəni ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız “COVID” pasportu olduğu halda istifadə edə biləcəklər. Bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin, eləcə də digər dövlət orqanlarının əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək “COVID-ə qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və “COVID-19”a qarşı immunitet sertifikatının olması tələb olunur. Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.
Bu gün supermarketlərdən birinin rəhbəri özü bizə müraciət edərək COVID pasportu ilə bağlı yoxlamanı icra edib-etməmələri bağlı məsələni dəqiqləşdirməyimizi istədi. Araşdırmaq üçün digər bir supermarketin rəhbərinə sorğu ünvanladıqda belə bir göstəriş almadıqlarını qeyd etdi.
Paytaxtda yerləşən iri supermarketlərin bəzi filiallarında müşahidələr apardıq. Bu siyahıya “Bazarstore”, “Bravo”, “Rahat”, “Araz”, “Neptun” kimi supermarketləri əlavə edə bilərik. Adları sadalanan supermarketlərdə COVID pasportu ilə bağlı heç bir yoxlama aparılmır.
Aidiyyəti üzrə sorğumuzu Daxili İşlər Nazirliyinə ünvanladıq.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev və DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov News24.az-a açıqlama verərək qadağanın supermarketlərə də şamil olduğunu bildirdilər.
Elşad Hacıyev: “Nazirlər Kabinetinin qərarına əsasən, iri ticarət mərkəzlərində mütləq qaydada COVID pasportu tələb olunur. Bütün iri supermarketlər bu siyahıya daxildir. İşçilər isə sentyabrın 1-dək “COVID”-ə qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmalıdır”.
Ehsan Zahidov: “Həmin supermarketlərin rəhbərləri Nazirlər Kabinetinin qərarını oxusunlar. Orada açıq yazılıb. COVID pasportları ilə bağlı yoxlamalar supermarketlərdə də təşkil olunmalıdır”.