"Bu laqeydlik bizi çox üzür" - Yaşar Nurinin xanımı prezidentə və birinci xanıma müraciət etdi - VİDEO
    • 3-09-2021, 17:39
    • 1 182

"Bu laqeydlik bizi çox üzür" - Yaşar Nurinin xanımı prezidentə və birinci xanıma müraciət etdi - VİDEO

“Səhər tezdən gül alıb Yaşarı ziyarətə getdim. Tək idim, Ülkər mənimlə gəlmədi. Dedi, sən get, mən papanı ayrıca gedib təbrik edəcəm. Bilirəm, o mənim yanımda ağlaya bilmir…  Qəbristanlıqda Yaşarla baş-başa qaldıq. Onunla dərdləşdim. Dedim, səni unutdular. Həyatda olsaydın, 70 illiyin yüksək səviyyədə keçirilərdi. Amma səndən sonra yada salan yoxdur…”

Bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva News24.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, nə çalışdığı  Akademik Milli Dram Teatrı, nə Mədəniyyət Nazirliyi, nə də digər qurumlar  xalq artistinin 70 illik yubileyini yada salıblar:  “Sağlığında 50 illik yubileyi yüksək səviyyədə keçirildi. Elə 60 illiyi də yaxşı oldu. Amma Yaşar onda çox xəstəydi. Hər şeyə rəğmən, onun ad gününü təmtəraqla keçirdik. Bu gün - 70 illiyi isə heç kimin yadına düşmədi. Qulağım səsdə, gözüm yolda gözlədim. Dedim, bəlkə lazım olan qurumlar maraqlanıb nəsə təklif edərlər. Mədəniyyət Nazirliyi, Milli Məclisdə işləyən mədəniyyət nümayəndələri, kino və teatrlarla işləyən qurumlardan təbrik gözlədim. Təəssüf ki, heç biri aramadı. Başa düşürəm, pandemiyadır, qanun-qaydalar var. Mən də daxil olmaqla insanlar bunların hamısına riayət etməlidir. Ancaq onun ruhunu şad edəcək nəsə eləmək olardı”. 

 “Mən bu gün gül dəstəsi ilə onu yad elədim. Güldən başqa nəyə gücüm çatır ki...” deyən mərhum xalq artistinin xanımı Yaşar Nurinin adının əbədiləşdirilmədiyini də vurğuladı: “Bilirsiniz, məni ağrıdan nədir? Azərbaycan mədəniyyətində bu qədər böyük ad qoyan sənətkarın adı əbədiləşdirilmədi. Nazirliyin soyuqqanlığı məni yorub. Dəfələrlə Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə danışmışam. Yaşar Nurinin bağ evindəki aksessuarları oğurlandı. Müraciət elədim, cavab verdilər ki, muzey nazirliyin olmadığına görə cavabdehlik daşımırlar. Mənəvi dəstək belə vermədilər. Yaşarın adına küçə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Dedilər, bütün küçələrə ad verilib artıq. Uyğun yer yoxdur. Heç küçə adı verməsinlər. Yaşar Maştağa qəsəbəsindəndir. Orada bu yaxınlarda Mədəniyyət Sarayı açıldı. Heç olmasa, 70 illiklə bağlı ora onun adını versinlər. Buna həm onun ruhu, həm də biz çox sevinərdik”.

Rəhimə Nuriyeva onu da qeyd etdi ki, Yaşar Nurinin vaxtilə yaşadığı binanın üstünə memorial lövhə də vurulmayıb: “Yaşar “Şohrət” ordenli sənətkar idi. Onu Azərbaycanda sevməyən, sayğı duymayan adam yoxdur. Hamının sevimlisi idi. Di gəl, memorial lövhəni belə ona çox gördülər. Mədəniyyət Nazirliyi bu istəyimizə də məhəl qoymadı. Eləcə də “Azdrama” maraqlanmadı. Bu laqeydlik bizi çox üzür. 3-5 adam açıq havada bir çələngin də üzərinə “70” yazıb teatrın adından gətirib məzarın önünə qoya bilməzmi? Bunu da onlara prezidentimiz tapşırmalıdır? Hamısı oturub gözləyir ki, ölkə rəhbəri göstəriş versin, sonra eləsinlər. Hamının işini o görməli deyil ki?! Niyə hər kəs öz üzərinə düşən öhdəliyi yerinə yetirmir, axı?”.

Mərhum sənətkarın xanımı  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da müraciət edib: “Cənab Prezident, dəyərli Mehriban xanım, bizim sizdən başqa heç kimimiz yoxdur. Mən bilirəm, siz sənətkarlara, mədəniyyət adamlarına çox həssaslıqla yanaşırsınız. Onların əməyini çox yüksək qiymətləndirirsiniz. Yaşar Nurinin sağlığında da ona çox böyük diqqət və qayğı göstərmisiz, sənətini hər zaman yüksək dəyərləndirmisiniz. O üzdən də Sizdən Xalq artisti Yaşar Nurinin adının əbədiləşdirilməsi üçün göstəriş vermənizi rica edirəm".


Teymur MƏMMƏDOV