“Sülhməramlıların işi TERRORÇULARA DƏSTƏK vermək deyil” – Millət vəkili
    • 6-09-2021, 13:26
    • 678

“Sülhməramlıların işi TERRORÇULARA DƏSTƏK vermək deyil” – Millət vəkili

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində sülhməramlıların fəaliyyətindən narazılığını dilə gətirib.  O bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Hikmət Hacıyev vurğulayıb ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Onun sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır.

Millət vəkili Musa Qasımlı News24.az-a açıqlamasında Prezidentin köməkçisinin fikirlərini şərh edib.

O bildirib ki, Rusiya sülhməramlılarının bir çox davranışları beynəlxalq aləmdə qəbul edilmiş “sülhməramlı missiya” anlayışına uyğun gəlmir: "Sülhməramlıların işi sülh yaratmaqdan ibarətdir. Əgər sülhməramlıların nəzarəti altında olan bir əraziyə silahlı dəstələr, terrorçular daxil olursa, bu, necə sülhməramlı fəaliyyət olur? Əgər sülhməramlı qüvvələr qanunsuz məskunlaşdırmanı təşvik edirlərsə və ya həyata keçirirlərsə, bunun sülhməramlı fəaliyyətlə necə əlaqəsi var? Sülhməramlı qüvvələr Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunan, tanınan ərazilərində olduqlarını unutmamalıdırlar”.

Siyasət şöbəsi