"Azad olunmuş Qarabağ torpağına xoş gəlmisiniz" deyəndə gözlərim doldu" - “QARABAĞ” təyyarəsinin PİLOTU ilə MÜSAHİBƏ
    • 6-09-2021, 16:45
    • 2 695

"Azad olunmuş Qarabağ torpağına xoş gəlmisiniz" deyəndə gözlərim doldu" - “QARABAĞ” təyyarəsinin PİLOTU ilə MÜSAHİBƏ

Bugünədək o torpaqlara, 30 il əlimiz-ünümüz yetməyən yurd yerlərinə yalnız xəyalımız uçardı. Nə zamansa o səmalarda dolaşa biləcəyimiz, Qarabağı göyün yeddinci qatından izləyə biləcəyimiz ağlımızın ucundan belə keçməzdi. Amma 30 illik ayrılığın 35 dəqiqəlik vüsalı da varmış qismətdə. Bu gün şəhid ruhlarının qoruduğu o göyləri qorxusuz-hürküsüz, azad dolaşa bilirik. Sentyabrın 5-də ilk dəfə Füzuli hava limanına enmək üçün Bakıdan səmaya qalxan o təyyarə bizi - Azərbaycanı hələ çox yüksəklərə qaldıracaq. 

News24.az-ın bu dəfəki həmsöhbəti Füzuli aeroportuna ilk uçuşu həyata keçirən "Qarabağ" təyyarəsinin pilotu Fərid Pənahovdur:

- İşğaldan azad olunan torpaqları səmadan izləmək necə hissdir?

- Möhtəşəm! Qürur, sevinc, fəxr...  O andakı ovqatı sözlə anlatmaq çox çətindir. 

Qarabağ münaqişəsi başlayanda  mənim 12 yaşım vardı. Birinci Qarabağ savaşı zamanı 10-cu sinifdə oxuyurdum. Yəni o dövrdə baş verənləri yaxından izləyirdim və hər şeyi başa düşürdüm. Torpaqların işğalı hamı kimi mənim üçün də böyük itki, böyük ağrı idi. Şükür olsun, bu gün Qarabağ, o torpaqlar geri qayıtdı. Biz çox böyük Zəfərin, möhtəşəm Qələbənin şahidi olduq. 

Bu müjdələrin davamı olaraq Füzuli aeroportunun təhvil verilməsində iştirak elədik. Təsəvvür edin, 10 ay qabaq savaş gedən, qan tökülən torpaqlarda çox qısa müddətdə  beynəlxalq aeroport tikilib təhvil verildi. Həm də Beynəlxalq Hava limanı təkcə terminaldan və uçuş enmə zolağının asfalt örtüyündən ibarət deyil. Onun radio naviqator sisteminin quraşdırılması, təyyarənin enib-qalxmasını tənzimləyən mürəkkəb sistemin hazırlanması böyük iş, vaxt və ustalıq tələb edir. Bu mənada o hava limanının tikilib istifadəyə verilməsi çox böyük tarixi hadisədir. Biz bununla dünyaya yalnız qalib deyil, həm də qurucu xalq olduğumuzu göstərdik.

 Bunlarla yanaşı, birinci uşuşun mənə həvalə olunması da təbii ki, mənim üçün ikiqat sevinc, ikiqat qürurdur. Düşünürəm  Vətənini, Azərbaycanı sevən hər bir pilot bu uçuşu yerinə yetirməyi arzulayardı. Bu xoşbəxtlik mənə nəsib oldu. Mən AZAL-ın bütün pilotları adından bu uçuşu yerinə yetirdim. Doğruran da tarixi hadisə idi.

- Bu vaxtadək Qarabağda olmuşdunuz?

- Yox, olmamışdım.  Bu səfər o müqəddəs torpaqlara ilk gedişim idi. İlk dəfə oralalara hava yolu ilə getdim.

- Havaya qalxanda həyəcan vardımı?

-Bir pilot, dəfələrlə uçuş həyata keçirən mütəxəssis kimi soruşursanız, yox.  Amma işğaldan azad olan Vətən torpağına gedən azərbaycanlı kimi bəli, qəribə, sevincqarışıq bir həyəcan vardı. Neçə-neçə igid Azərbaycan oğlunun canı bahasına alınan o torpaqları öz gözünlə görməyin həyəcanı vardı.

Füzulinin dispetçeri ilə əlaqə quranda onun bizə dediyi “Azad olunmuş Qarabağ torpağına xoş gəlmisiz” sözlərini eşidəndə çox kövrəldim, gözlərim yaşardı.

Mən Azərbaycan Hava Yollarının baş şef pilotuyam. Dünyanın çox ölkələrində, Avstraliyadan Şotlandiyaya, Amerikadan Afrika qitəsinədək dünyanın çox yerlərinə uçmuşam. Amma bu uçuş tam başqaydı...

Bir də istifadədə olan hava limanlarına uçmaq bir başqadır, amma yenicə açılan aeroporta ilk uçuş edən pilot olmaq tam başqa. Orada sistemlərin necə işləməsi, nasaz olub-olmadığını yoxlamaq da bizə nəsib oldu. Yəni onu ilk dəfə biz testdən keçirdik. Sözsüz ki, bu da bir məsuliyyət idi. Bu mənada həm də bir qədər bunun həyəcanı vardı.

- Bundan sonrakı uçuşlar necə həyata keçiriləcək? Yəni ayda neçə dəfə olacaq  və adi vətəndaşlar da bu hava limanından istifadə edəcəklərmi?

-  Bu suala Azərbaycan hava Yollarının kommersiya şöbəsi cavab verə bilər. Bu haqda bir söz deyə bilməyəcəm. Amma ümumiyyətlə, düşünürəm ki, bu mükəmməl və gözəl aeroport gələcəkdə Azərbaycan turizminin inkişafına çox böyük fayda verə biləcək. Çünki bu hava limanı Qarabağa gedib –gəlmək, yükdaşımalar üçün çox əlverişli və strateji bir obyektdir.


Rəna CUMAQIZI