-
- 7-09-2021, 18:53
- 419
Bu tanınmış obyektlərdə sudan qanunsuz istifadə edilirmiş - Fotolar
İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirilib.
Bu barədə News24.az-a “Azərsu”dan məlumat verilib.
Yoxlamalar zamanı yenə də sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
Səbail rayonu 20-ci sahə yaşayış massivində həyata keçirilən nəzarət tədbirləri zamanı “Dostlar” kafesində su sayğacının dayandırılması, kənar xəttdən istifadə və gizli su anbarı aşkarlanıb.
Görünür, bu üsula əl atan sahibkarın heç ağlına da gəlməyib ki, kifayət qədər müştərisi olan obyektin su sərfiyyatında şübhələr yarana bilər. Belə ki ki, obyektin su sərfiyyatına görə aylıq ödəniş cədvəli tələbata uyğun gəlmədiyindən obyektin su təchizatına baxış keçirilməsinə zərurət yaranıb və şübhələr özünü doğruldub. Məlum olub ki, kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.
Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan “Şıxov” ərazisindəki “Qağayı” çimərliyi olub. Eyni ilə burada da sahibkar yaxınlıqdan keçən magistral kəmərdən gizli xətt çəkərək, sudan qanunsuz istifadə edib.
Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülürmüş. Obyektin su təchizatına görə hər hansı rəsmi müqavilə, su sayğacı olmadığına və sudan qanunsuz istifadə hallarına yol verildiyinə görə dəymiş ziyan hesablanaraq akt tərtib olunub və su təchizatı dayandırılıb.
Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birində də böyük bir iaşə obyektinin işlətdiyi qədər sudan qanunsuz istifadə olunduğu aşkarlanıb. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan imtina edib və “Azərsu” ASC əməkdaşlarına qarşı kobudluq edərək, vəzifə borclarını yerinə yetirmələrinə mane olub. Amma bununla belə sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunaraq suyun verilişi dayandırılıb.
Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək.
Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılıması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.