Azərbaycanda beynəlxalq animasiya film festivalı keçirildi
    • 8-09-2021, 13:06
    • 484

Azərbaycanda beynəlxalq animasiya film festivalı keçirildi

Sentyabrın 3-7-də Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib.


Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) News24.az-a verilən məlumata görə, festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirilib.


Festival çərçivəsində gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivye Katrenin kino və animasiya prodüserləri üçün ustad dərsi və Nik Felps və Nensi Denni-Felps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminarlar da təşkil olunub.


Festivalda beynəlxalq münsiflər heyətinin tərkibi Məsud Pənahi (Azərbaycan), Olivye Katren (Fransa), Nensi Denni-Felps və Nik Felps (Belçika), Məryəm Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Pyotr Kardas (Polşa), Mehdi Xoruşi və Məryəm Ruhbaxş (İran) kimi peşəkarlardan ibarət olub.


Ənənəvi olaraq, bu il festivalın uşaq münsifləri də fəaliyyət göstərib. 18 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçilib.


Festivalın bağlanış mərasimində qaliblər elan olunub. Bu il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.