“Təmiz sahillər” təmizlik aksiyası keçirildi
    • 25-09-2021, 12:47
    • 404

“Təmiz sahillər” təmizlik aksiyası keçirildi

“Beynəlxalq Dəniz Günü” və “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Dübəndi sahilində təmizlik aksiyası keçirilib.

News24.az xəbər verir ki, “Təmiz sahillər” devizi altında  təşkil olunan iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun  (WWF) Azərbaycan nümayəndəliyinin, “AzEkol” şirkətinin nümayəndələri, könüllülər və məktəblilər iştirak edib. 

100-dən çox iştirakçının qatıldığı aksiya zamanı 6 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti