DYP hava şəraiti ilə bağlı vətəndaşlara müraciət etdi
    • 2-10-2021, 12:29
    • 430

DYP hava şəraiti ilə bağlı vətəndaşlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən  News24.az-a verilən məlumatda deyilir:

"Oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib. Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir.

Belə ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.

Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar. Bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzu edirik!"