Peyvənd olunmayan taksi sürücüləri barəsində tədbirlər görüldü
    • 22-10-2021, 14:44
    • 414

Peyvənd olunmayan taksi sürücüləri barəsində tədbirlər görüldü

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.

Paytaxtın Binəqədi,Xətai və Pirallahı rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.