Moskvada Qarabağla bağlı yeni sənəd imzalanacaq? - ŞƏRH
    • 23-10-2021, 14:23
    • 428

Moskvada Qarabağla bağlı yeni sənəd imzalanacaq? - ŞƏRH

Rusiyanın “RİA Novosti” agentliyi vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən yayımladığı xəbərdə noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib. Xəbərdə görüşün noyabrın 8-i və ya 9-da keçirilə biləcəyi vurğlanıb. Bu o deməkdir ki, Kreml görüşün İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırır. Kremlin görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil. Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”.

News24.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulaması təsadüfi deyil: "Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibətin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır. 
“RİA Novosti” agentliyinin yayımladığı xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib. Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılırb ki, “bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər”. İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb. 

Politoloq qeyd edib ki, “RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir. Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir: "Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir. O son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini “Valday`dakı müzakirələrdə səsləndirib.
Buna baxmayaraq, “RİA Novosti”nin yayımladığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur. Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq. Maraqlıdır ki, Vladimir Putin “Valday`dakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...” Başqa sözlə Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutunyan ətrafındakılara deyib ki, onlardan tərksilah olunmağı tələb edirlər..."