Mingəçevirdə qanunsuz COVID-19 pasportu satan şəxslərə CİNAYƏT İŞİ AÇILDI
    • 27-10-2021, 12:12
    • 374

Mingəçevirdə qanunsuz COVID-19 pasportu satan şəxslərə CİNAYƏT İŞİ AÇILDI

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə News24.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.