Qazax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıldı
    • 10-09-2021, 17:26
    • 547

Qazax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıldı

“Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.