Bərdə terrorunda həlak olan Aysunun atası:
    • 28-10-2021, 13:02
    • 593

Bərdə terrorunda həlak olan Aysunun atası: "Məktəbli geyimləri məzarının üstündədir" - VİDEO

“Aysunun arzuları çox idi. Oxumaq istəyirdi. Yellənçəkdə olarkən mərmi düz yanına düşmüşdü. Mən onu xəstəxanaya apardım. Amma o hadisə yerində keçinmişdi. Ordumuza tab gətirə bilməyib, dinc əhalini hədəfə aldılar. Təşvişə salmaq istədilər, amma mümkün olmadı”.

News24.az xəbər verir ki, bu sözləri düz bir il bundan qabaq, oktaybrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın atası Rövşən İsgəndərov “Xəzər Tv”də yayımlanan Leyla Quliyevanın aparıcılığı ilə yayımlanan “Vaxtı gəldi” verilişində deyib. 

O bildirib ki, 2 qız övladı baş verən terrorun sarsıntısını hələ də yaşayır: “Bacıları Aysunu soruşanda Bakıda olduğunu deyirdim. Amma bacılarının öldüyünü eşitmişdilər. Hazırda səs-küy olan zaman qorxuları olur”.  

R.İsgəndərov övlad itkisindən sonra gecələri yatmadığını da bildirib: “Aysu məktəbə gedirdi. Hazırda məktəbli geyimləri məzarının üstündədir. Sinif yoldaşları məzarını ziyarət edirlər. Allah heç kimə bala dərdi göstərməsin. Gecələr yatmıram. Ancaq düşünürəm...”