Bakıda “Zəfər” yarmarkası  keçirilir - VİDEO/FOTO
    • 29-10-2021, 15:01
    • 705

Bakıda “Zəfər” yarmarkası keçirilir - VİDEO/FOTO

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkasına start verilib.

News24.az xəbər verir ki, 29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

Yarmarka haqda məlumat verən YAŞAT Fondurunun rəhbəri Elvin Hüseynov bildirib ki, 12 gün davam edəcək yarmarkadan əldə olunan gəlir şəhid ailələri və müharibə iştirakçılarının problemlərinin həllinə sərf ediləcək: "Bu yarmarkadan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatına dəstək olmaq məqsədi ilə YAŞAT Fonduna ianə olunacaq. Sərgi boyu müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər, satacaqlar. Həm də Müdafiə Nazirliyi tərəfindən burda kiçik də olsa hərbi şəhərcik yaradılıb. Nümayiş olunan hərbi texnikalar 44 günlük Zəfər yürüşündə Azərbaycan əsgərinin istifadə etdiyi silahlar, texnikalardır. Məhz bu texnikalarla bizim igid Azərbaycan oğulları işğalda olan rayonlarımızı azad ediblər". 

E. Hüseynov bildirib ki, bu yarmarkanı yaratmaqda əsas məqsəd torpaqlarımızın azadlığı üçün vuruşan qəhrəmanların bizimlə olduğunu bir daha xatırlatmaq, onların adının, şəhidlərimizin xatirəsinin qəlbimizdə olduğunu ifadə etməkdir: "Bu qəhrəmanlar 44 gün havanın yağışlı, çiskinli, soyuq, dumanlı olmasına baxmayaraq, yeri gələndə ac, yeri gələndə susuz qalıb Qələbəni Azərbaycan xalqına bəxş etdilər. Onların hər birinin adı ürəyimizdədir".

Qeyd edək ki, yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının  təşkili nəzərdə tutulur.

Yarmarkanın ilk günündə  Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik  mahnıları səsləndirilib.