“Bəzilərinin başı ancaq özünə qarışdı, Azərbaycan isə belə hərəkət etmədi”
    • 4-11-2021, 15:34
    • 510

“Bəzilərinin başı ancaq özünə qarışdı, Azərbaycan isə belə hərəkət etmədi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

News24.az-ın APA-ya istinadən xəbərinə görə, Türkiyə Prezidentinin müraciətini tədbirin açılış mərasimində AKP sədrinin müavini Binəli Yıldırım səsləndirib.
Müraciətdə bildirilib ki, pandemiya dünyanın heç bir ölkəsinin təkbaşına təhlükəsiz vəziyyətdə olmadığını göstərib:

“Gözəgörünməz virus milyonlarla insanı çətin vəziyyətə salıb. Təəssüf ki, beynəlxalq və dövlətlərarası səviyyədə əməkdaşlığın az olduğunu gördük. Biz öz hədəflərimizə, ÜST-nin və BMT-nin hədəflərinə çata bilmədik. Bəzi ölkələrin başı ancaq özünə qarışdı, ancaq Azərbaycan kimi ölkələr belə hərəkət etmədi, onlar müxtəlif ölkələrə kömək əlini uzatdılar. Türkiyə də pandemiya ilə mübarizədə aktiv ölkələrdən biridir. Biz öz imkanlarımıza əsaslanaraq dünyanın 115-ə qədər ölkəsinə dəstək vermişik. İstərdik ki, bu mübarizədə bütün xalqların, ölkələrin bərabər imkanları olsun. Bu gün peyvəndləmə ilə bağlı rəqəmlər arasındakı fərq var”.

Müraciətdə o da qeyd olunub ki, pandemiyanın yaratdığı problemləri, çətinlikləri həmrəylik və əməkdaşlıq yolu ilə aradan qaldırmaq olar: “Biz yeni təhdidlərlə üzləşirik, məsələn iqlim dəyişikliyi. Bu günlərdə Qlazqoda iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir. Biz də iqlim dəyişikliyindən, onun nəticələrindən narahatıq və düşünürük ki, iqlim dəyişikliyi pandemiyadan, COVID-19-dan daha təhlükəlidir. Biz karbon emissiyalarını azaltmalı və dayanıqlı inkişafa yönəlməliyik. Regional və beynəlxalq məsələlərin müzakirə olunacağı VIII Qlobal Bakı Forumuna uğur arzulayıram. İnanıram ki, forum bu məsələlərin həllinə böyük töhfə verəcək”.