Fotoqraflar Zəfər Günündə Qarabağ Dirçəliş Fonduna ianə etdilər
    • 8-11-2021, 17:46
    • 485

Fotoqraflar Zəfər Günündə Qarabağ Dirçəliş Fonduna ianə etdilər

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər nəticəsində əzəli və əbədi torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu. Ərazi bütövlüyümüzün bərpasından sonra həmin torpaqlarda erməni vandallarının törətdiyi vəhşiliklərin və terrorun miqyasının nə qədər böyük olduğu üzə çıxdı. Hazırda düşmən əsarətindən xilas edilən rayon, şəhər və yaşayış məntəqələrinin bərpası və yenidən qurulması, erməni işğalı nəticəsində Azərbaycan mədəniyyətinə, tarixinə, ətraf mühitinə dəyən zərərin aradan qaldırılması istiqamətində işlər aparılır. Müxtəlif qurumlar, təşkilatlar da yenidənqurma tədbirlərinə töhfə verməyə çalışırlar. Elə təşkilatlardan biri də Gilavar Foto Klubudur. Klubun fotoqrafları işğaldan azad olunmuş torpaqlarda erməni vəhşiliklərinin izlərini dünyaya nümayiş etdirməklə yanaşı, Qarabağın dirçəldilməsinə də yardım edirlər.

Gilavar Foto Klubundan News24.az-a bildirib ki, klubun təşəbbüsü ilə 30-dan çox fotoqraf öz qazancından işğaldan azad olunan ərazilərin bərpasına dəstək məqsədilə ianə ediblər. Toplanmış vəsait noyabrın 8-i Zəfər Günündə Qarabağ Dirçəliş Fondunun hesabına köçürülüb.

Qeyd edək ki, Gilavar Foto Klubu Azərbaycan foto sənətinin inkişafına verdiyi töhfələri, uğurlu layihələri ilə yanaşı sosial və xeyriyyə tədbirləri ilə də çıxış edir.