Azərbaycanda ZƏFƏR GÜNÜDÜR - VİDEO
    • 8-11-2021, 00:00
    • 578

Azərbaycanda ZƏFƏR GÜNÜDÜR - VİDEO

Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü - ilk Zəfər Günü qeyd edilir.

News24.az xəbər verir ki, 1 il öncə, məhz bu gün Azərbaycan Ermənistanın hərbi təcavüzlərinə cavab, otuz illik işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

Müzəffər Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini düşmən tapdağından xilas edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında misilsiz və böyük Qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qeyd edək ki, bu gün paytaxtda və bölgələrdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Öncə səhər saat 10-da hərbi orkestrin müşayiəti ilə yürüş başlayacaq. Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını marşrut üzrə aparacaqlar.
Daha sonra Zəfər Gününün flaşmobu nümayiş olunacaq.

Axşam saatlarında isə zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq. 

Eləcə də, Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya təqdim olunacaq.