Lənkəranda sərxoş halda avtoxuliqanlıq edən sürücü SAXLANILDI
    • 23-11-2021, 11:50
    • 465

Lənkəranda sərxoş halda avtoxuliqanlıq edən sürücü SAXLANILDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə axşam saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, dövlət yol polisi əməkdaşları axşam saatlarında rayonun Liman şəhəri ərazisində xidmət apararkən “Opel Astra” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulduğu müəyyən edilib.

Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib.

Onun barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.