FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib - VİDEO
    • 26-11-2021, 15:37
    • 644

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hazırlıq planına uyğun olaraq, taktiki-xüsusi təlim keçirib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əməkdaşlar tərəfindən müasir zədələmə vasitələrinin xüsusiyyətlərinin praktiki olaraq mənimsənilməsi, insan tələfatına və ya insanların həyat fəaliyyətinin pozulmasına, maddi sərvətlərin itkisinə səbəb ola bilən müxtəlif fövqəladə hallarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Eyni zamanda, zədələnmə ocaqlarında fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər zamanı bölmələr arasında koordinasiyanın daha da təkmiləşdirilməsi qarşıya qoyulan əsas hədəflərdən olub. Taktiki-xüsusi təlimə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 13 ədəd texnikası və 111 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və qəza-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib. Təlim bitdikdən sonra onun nəticələri təhlil olunub, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tapşırıqlar verilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.