Hamilə qadına yanlışlıqla "Hepatit" diaqnozu qoyulub? -
    • 29-11-2021, 18:18
    • 876

Hamilə qadına yanlışlıqla "Hepatit" diaqnozu qoyulub? - "Doğum Evində QALMAQAL

7 saylı doğum evinin Qadın Məsləhətxanası ilə bağlı saytımıza şikayət daxil olub.

News24.az-ın məlumatına görə, şikayətçi məsləhətxanada analizlərin cavablarının qarışdığını və ona səhhəti haqda yanlış nəticənin verildiyini bildirib.

Şikayətçi Ü.M-nin sözlərinə görə,  o, 12 noyabr 2021-ci ildə, hamiləlik dönəminin 14-cü həftəsi ilə bağlı zəruri olan analizləri verib:“7 saylı doğum evinin Qadın Məsləhətxanasında lazım olan analizləri verdim. O cümlədən qan analizi də bura daxil idi. 20 dəqiqə keçməmiş həkim mənə zəng vurdu ki, sizdə Hepatit B aşkarlanıb. Mən isə cavab verdim ki, bu ola bilməz, çünki  hamiləliyimin 5-6 həftəsində analizləri verəndə nəticə neqativ idi.  Mənə bildirdilər ki, analizlərin nəticəsini Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərməlidilər. Orada cavablar daha dəqiq olacaq. Onlara inanmadım. Noyabrın 13-də analizlərin şəffaflığını yoxlamaq üçün Memorial Klinikasında təkrar müayinə olundum və yenidən təhlillər etdirdim. O klinikada isə nəticələr neqativ çıxdı. Öncəki təhlillərin nəticəsi ilə bağlı Memorial Klinikasının əməkdaşlarına məlumat verdim. Onlar da bildirdilər ki, əmin olmaq üçün nəticələr Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməlidir. Mən isə bununla razılaşmadım və qeydiyyata düşmək istəmədiyimi deyib sənədlərimi geri tələb etdim. Ürəyim rahat olmadı, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna həkimimin yanına getdim,  o da məni  bir daha təhlil aparılması üçün “Uniklinika”ya yönəltdi. Noyabrın 22-də orada bütün analizləri təkrar verdim və nəticə neqativ çıxdı. 2 gün keçəndən sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzində qanımın qalan hissəsi ilə aparılan müayinənin nəticəsini göndərdilər. Bir daha pozitiv çıxdı. Kinayəli formada da deyiblər ki, bu cavabı həkiminə göstərsin”. 


Şikayətçi vurğulayıb ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundakı həkimi öz laboratoriyasına inandığını, müalicəni neqativ üzərindən aparacağını deyib: “Buna baxmayaraq, Memorial Klinikasına təkrar zəng vurdum. Onlar mənə dedilər ki, nəticənin yanlış olması mümkün deyil. Rahat olmaq və dəqiqləşdirmək üçün Memorial Klinikasında mən və həyat yoldaşım təkrar test verdik. Orada nəticələrimiz yenidən neqativ çıxdı. 

7 saylı doğum evinin Qadın Məsləhətxanasına bu haqda məlumat verəndə laqeyd formada “nə bilim vallah, belə oldu da” dedilər. Ertəsi gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə gedib, vəziyyəti izah etdim. Onlar artıq məni Hepatit B xəstəsi kimi qeydiyyata almışdılar. Orada yeni qanla analiz verdim. Elə həmin gün cavabım neqativ çıxdı. Mənə bildirdilər ki, ilk dəfədir ki, belə bir yanlışlıq baş verir. Dedilər ki, həmin gün qan analizi verənlər yenidən çağırılıb. Çünki qan analiz nümunələri qarışmışdı. Təsəvvür edin, gerçək Hepatit B xəstəsi öz diaqnozundan xəbərsizdir. Mən isə yanlış nəticənin stressini yaşayıram. Mən başqa yerdə təkrar analiz verməsəm, necə olacaqdı?” 

Ü.M 7 saylı doğum evinin Qadın Məsləhətxanasını məhkəməyə verəcəyini də əlavə edib.

Məsələ ilə bağlı 7 saylı doğum evinin Qadın Məsləhətxanasının şöbə müdiri Gülnarə Rzayeva ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında məsələdən agah olduğunu bildirib: “Bizdə test üsuludur. O test üsulu düzgün göstərə və ya göstərməyə bilər. Yəni nəticələr səhv də ola bilər. Bizdə Ü.M testinin cavabı pozitiv göstərib. Ancaq tam dəqiq olsun deyə, analizləri  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndəririk. Orada nümunələr daha dəqiq metodla analiz edilir. Biz Ü.M-nin qan nümunəsinin nəticəsinin şübhəli olduğunu görəndə, həmin nümunəni Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə də göndəririk. Oradan da bizə “pozitiv” cavabı gəldi. Xanımı qınamıram. Mən də olsam, narahat olaram, həyəcanlanaram. Özəl klinikalarda nəticəsinin neqativ çıxdığını da bilirik. 30 ildir çalışırıq, belə hadisə başımıza gəlməyib. Birinci dəfədir belə halla üzləşirik. Yanlış nəticə gerçək “Hepatitli” xəstənin kənarda qalması, xəstəliyindən xəbərsiz olması deməkdir. 

Ona görə də, dünəndən etibarən xanımla eyni gün analiz verən bütün hamilə pasiyentləi məsləhətxanaya dəvət etmişik. Sabah onların təkrar müayinəsi bitəcək. Biz onların qanlarını yenidən tək-tək yoxlayırıq. Yekun cavab aldıqdan sonra xanımla əlaqə saxlayıb nəticəni bildirəcəyik. Yenidən analiz verənlərin yarısının nəticələri əlimizdədir. Amma onlar arasında cavabı pozitiv çıxan olmaayıb. Əgər digər pasiyentlərdən təkrar müayinədə kimdəsə cavab “müsbət” çıxsa, demək, bu, bizim səhvimizdir. Əgər gerçəkdən, səhv bizim olsa, cəzalanmağa hazırıq. Kiminsə həyatı ilə oynamağa heç kimin ixtiyarı yoxdur. Əgər bizim səhvimiz olmasa, bu suala cavab verə bilməyəcəm. Nəticələr haqda sizə də bilgi verəcəyik”.

Məhərrəm ƏLİYEV