Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu keçirildi
    • 14-12-2021, 13:35
    • 494

Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu keçirildi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə Forumu”nu təşkil edib.

News24.az xəbər verir ki, Şəmkir rayon Kimya - biologiya təmayüllü liseydə baş tutan forumda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Eldar Qocayev, Ağstafa Rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Əli Cəfəroğlu, Gəncə Şəhər Təhsil Şöbəsinin müdir müavini İqbal Kərimov, Daşkəsən Rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə,Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən,Tükəzban Quliyeva,Ülvi İsmayılov,Günel Qasımova, Gəncə Şəhər Təhsil Şöbəsi metodkabinetin müdiri Fəzail Poladov, Tovuz Rayon Təhsil Şöbəsi metodkabinetin müdiri İbrahim Həsənov, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, 9 dil bilən poliqlot təlimçi Aslan Məmmədzadə, AGMA-nın regional koordinatorları həmçinin Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən 180-dən çox gənc müəllimlər iştirak edib.

Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda netvörkinq bacarığı, təqdimat bacarığı və natiqlik, valideynlərlə əməkdaşlıq, sinfin idarə olunması, çətin tərbiyə olunan şagirdlərlə iş mövzularında təlim təşkil edib.

Cəmiyyətin ən fədakar, cəfakeş, qayğıkeş, etibarlı dayağı olan istedadlı gənc müəllimlərin aşkara çıxarılmasını, müsbət müəllim imicinin formalaşmasını qarşısına məqsəd qoyan AGMA gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirərək gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.

Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Şəmkir Rayon Təhsil Şöbəsinin və Kimya - biologiya təmayüllü liseyin rəhbərliyinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinə təşəkkür edirik!

Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikat verildi.